Cəfər Cabbarlı bu dövrdə bədii yaradıcılıqla ciddi məşğul olmağa başlayır. 1915-1916-cı illərdə onun müxtəlif jurnallarda ("Babayi-Əmir”, "Dirilik” və s.), qəzetlərdə ("Bəsirət” və s.) onlarla şeiri çap edilmişdir. Yaradıcılığa lirik şeirlərlə başlayan C.Cabbarlıda maarifçi realizmin təsiri aydın duyulurdu. Bu həm lirikasında, həm də o dövrdə yazdığı hekayələrdə ("Aslan və Fərhad”, "Mənsur və Sitarə” və s.) və pyesində ("Vəfalı Səriyyə”) müşahidə olunurdu.
Gənc şairin lirik şeirləri müxtəlif mövzularda olsa da, onlarda ictimai mətləblər aparıcı yer tuturdu. O, cəmiyyətdə müşahidə etdiyi ədalətsizliyi, laqeydliyi, aclıq çəkən, səfalət içində yaşayan insanların acınacaqlı vəziyyətini təsvir etməklə ("Qürub çağı bir yetim”, "Sən də bir”, "Dilənçi”, "Boranlı qış gecəsi” və s.) diqqəti ciddi həyati problemlərə yönəldirdi. C.Cabbarlı yaratdığı ürəkparçalayan lövhələrlə zəngin adamların qəlbində mərhəmət hissi oyatmaq niyyətini də güdürdü:
Millətin ehtiyaclarına göz yuman varlılar, "millət qəmi” çəkməkdən uzaq olan ziyalılar, xalqa fayda verməyən cəmiyyəti-xeyriyyələr, ictimai dərdlərə göz yumub "nigarına qəzəl yazan” şairlər onun satirik şeirlərinin ("Görməmişəm, eşitmişəm”, "Dübarə-səbarə”, "Görməkdəyəm”, "İtil get”, "Unudulmaz yara” və s.) hədəfləri idi.
Daha çox ailə-məişət mövzusunda olan ilk hekayələrində və "Vəfalı Səriyyə” pyesində qəhrəmanlara maarifçilik mövqeyindən qiymət verən müəllif onları ya yaxşı, ya da pis əməl sahibi kimi təqdim edir. Yazıçının həyat və yaradıcılıq təcrübəsi artdıqca o, ictimai ziddiyyətlərin səbəbini, kökünü daha dərinlərdə axtarmağa başlayır. Bu, "Solğun çiçəklər”(1916), "Nəsrəddin şah” (1916) pyeslərində özünü aydınca göstərir. C.Cabbarlının az sonra qələmə aldığı "Trablis müharibəsi və ya Ulduz” (1917), "Ədirnə fəthi” (1917) pyesləri Türkiyə ilə bağlı olub mürəkkəb tarixi-siyasi hadisələrlə zəngindir. Yazıçının yaradıcılıq axtarışları bu əsərlərində də davam edir. Onlarda realist və romantik cəhətlərin olduğunu təsdiq edən səhnələr vardır. Bu axtarışlar yazıçının sonrakı illərə aid yaradıcılığında da müşahidə olunur.
Azərbaycanda baş verən mürəkkəb ictimai-siyasi hadisələr, kapitalist münasibətlərinin dərinləşməsi və bunun doğurduğu fəsadlar C.Cabbarlını dərindən düşündürür, dünyagörüşünə və yaradıcılığına ("Aydın", daha sonra yazılmış "Oqtay Eloğlu" əsərlərində olduğu kimi) əhəmiyyətli dərəcədə təsir edirdi. Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasını sevinclə qarşılayan C.Cabbarlı parlamentdə stenoqrafçı kimi çalışır,