Həmin mərhələdə Azərbaycan ədəbiyyatında "altmışıncılar" adlanan yeni nəsil ədəbi fikrə təzə nəfəs gətirmişdir. Məhz "altmışıncılar" ədəbi nəsli Azərbaycan ədəbiyyatında mövcud ideologiyaya açıq şəkildə qarşı çıxmadan ədəbiyyatda insanı onun mənəviyyatı, düşüncəsi, qayğıları, ağrıları və sevgisi ilə birlikdə əks etdirməklə tədricən mövcud ab-havanı dəyişdirə bilmişlər. Yeni nəslin nümayəndələri ədəbi ənənələru qoruyub saxlasalar da, daha çox müstəqil yaradıcılıq yolu ilə gedirdilər. Bu sənətkarların əsərlərində sovet gerçəkliyinin tərənnümü, insanın əmək fəaliyyəti deyil, onun daxili aləmi, mənəviyyatı, qarşılaşdığı çətinliklər və həyat mövqeyinin ifadəsi başlıca yer tuturdu.
Bu baxımdan sovet dönəmində yaranan ədəbiyyatı yalnız ideoloji mahiyyət daşıyan ədəbiyyat kimi qəbul etmək birtərəfli olardı. Bütün maneələrə və çətinliklərə baxmayaraq, sovet dövründə əsl ədəbiyyat nümunələri də yaradılmışdır. Odur ki bu dövrün ədəbiyyatı təhlil və tədqiq edilərkən söz sənətindəki problemlərə və ədəbi şəxsiyyətlərə tarixilik baxımından yanaşılmalıdır.