Sovet dövründə leninizmi, kommunist partiyasını, oktyabr ideallarını, sosializm quruluşunu vəsf edən xeyli bədii əsər yazılmışdır. Bir sıra sənətkarların əsərlərində sovet həyat tərzi, sosializm uğrunda mübarizənin bədii əksi əsas mövzu idi. Lakin böyük istedad sahibi olan yazıçı və şairlər sosializm ideyalarının fonunda həyatın dərin qatlarına enə bilirdilər. Xalq yazıçısı Süleyman Rəhimovun "Saçlı”, "Mehman” əsərləri, Əli Vəliyevin "Budağın xatirələri”, Əbülhəsənin "Yoxuşlar”, Mehdi Hüseynin "Abşeron” romanları həmin dövrün ruhunu, reallığını və maraqlı insan talelərini əhatəli təsvir edən əsərlər idi. Səməd Vurğunun, Rəsul Rzanın və Mikayıl Müşfiqin yaradıcılığındakı bədiiliyin vüsəti və millilik amili ədəbiyyatda ideoloji maneələri ötüb-keçmələrinə imkan yaratmışdı. Süleyman Rüstəmin məhəbbət lirikası və Cənub şeirləri böyük sənət nümunələridir. Mirzə İbrahimov, Mir Cəlal, Əliağa Vahid, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, İsa Hüseynov, Hüseyn İbrahimov, Manaf Süleymanov, Nigar Rəfibəyli, Əzizə Cəfərzadə, Mirvarid Dilbazi və başqalarının yaradıcılığında həyat həqiqəti ideologiyanı üstələmişdir.
Bu dövrdə yazıb-yaratmış xalq yazıçısı Mirzə İbrahimov (1911-1993) qüdrətli nasir və dramaturq olmaqla bərabər, həm də görkəmli ictimai xadim, tanınmış tənqidçi və ədəbiyyatşünasdır. O, zəngin bədii yaradıcılığı ilə yanaşı, ana dilinin, milli-mənəvi dəyərlərin qorunması uğrunda mübarizə aparmış vətəndaş yazıçıdır. "Cənub hekayələri” silsiləsi M.İbrahimovun hekayə yaradıcılığının zirvəsi sayıla bilər. Bu əsərlərdə yazıçı özünün uşaqlıq illərinin yaddaqalan təsirli hadisələrindən, ikinci dünya müharibəsinin ilk illərində İranda rastlaşdığı əhvalat və insanlardan geniş söz açır. Silsiləyə daxil olan "On iki dekabr”, "Tonqal başında”, "Azad”, "İztirabın sonu”, "İki həyat” və s. hekayələrdən tanıdığımız Mahmud, Kərim kişi, Azad, Fərda, Süsən obrazları milli düşüncəyə malik olan azadlıqsevər insanlar kimi yadda qalırlar. "Cənub hekayələri” ədibin bir qədər sonra tamamladığı "Gələcək gün” romanının yaranması üçün zəmin hazırlamışdır.
"Gələcək gün” romanının əsas qəhrəmanı olan Firudin İbrahimi İranda Səttarxan - Xiyabani yolunun layiqli davamçısı, milli azadlıq hərəkatına rəhbərlik vəzifəsini öz üzərinə götürmüş vətənpərvər şəxsiyyətdir. Romandakı Rza Qəhrəmani, Kərimxan Azadi, Xavər, Mübaşir Məmməd, Hüseyn Məhbusi, Ərbab Hənəfi, Musa kişi və digər obrazlar həmin tarixi dövrdə ayrı-ayrı qütbləri təmsil edirdilər. Bu obrazlar milli azadlıq hərəkatı ilə bağlı olan dövr haqqında dolğun təsəvvür yaradır. Geniş surətlər silsiləsini əhatə edən, xalqın milli taleyini əks etdirən "Gələcək gün” Cənubi Azərbaycandakı xalq həyatı və milli azadlıq hərəkatı haqqında güclü ümumiləşdirməyə malik qiymətli romandır.
Sovet İttifaqında şəxsiyyətə pərəstişin tənqidindən sonra ədəbiyyatda gerçəkliyin təsvir və tərənnümünə münasibət dəyişmişdir. Keçən yüzilliyin əllinci illərində Bəxtiyar Vahabzadə,