Hakim kommunist partiyasının qərar və göstərişləri ədəbiyyatın, incəsənətin təbii inkişafına ağır zərbələr vurdu. Lakin yüksək istedad sahibi olan bir çox sənətkarlarımız bu çətinliklərə baxmayaraq, kamil sənət nümunələri yaratmağı bacardılar. Müəyyən təhriflərə yol verilsə də, tarixi mövzularda, eləcə də vətən sevgisini, onun təbiətini, xalq qəhrəmanlarını tərənnüm edən maraqlı nümunələr yaradıldı. II Dünya müharibəsi illərində və müharibədən sonra ədəbiyyatımız yeni mövzu və məzmunlu əsərlərlə zənginləşdi.
İyirminci yüzilliyin 60-cı illərində siyasi-ideoloji mühitin mülayimləşməsi ədəbiyyatımızda mövzu-məzmun dəyişikliyinə səbəb oldu. İndi artıq təkcə uğurlardan deyil, sosialist həyat tərzinin qüsurlarından da yazılır, "sovet adamı” obrazı adi və sadə insanların obrazları ilə əvəz edilirdi.
Bu dövrdə ədəbiyyatımız forma, janr, üslub baxımından da xeyli zənginləşdi. Nəsrdə lirik-psixoloji meyil özünü göstərir, poeziya və dramaturgiyada da forma və məzmun dəyişikliyi aydın müşahidə edilirdi. Zaman irəlilədikcə sosialist realizmi metodunun əsas prinsiplərindən uzaqlaşaraq milli məzmunlu əsərlər yaradan sənətkarların sayı çoxalırdı.
Milli azadlıq və dövlət müstəqilliyi uğrunda gedən mübarizə, xüsusən 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində baş verən mürəkkəb ictimai-siyasi hadisələr ədəbiyyatda milli və müstəqil dövlətçilik maraqlarını ön plana çəkdi.
Ən sərt siyasi təzyiqlər, qadağalar heç vaxt Azərbaycan ədəbiyyatını xalqımızdan ayıra bilməmişdir. Onun istedadlı nümayəndələri xalqın taleyini, vətənin problemlərini yüksək sənət dili ilə əks etdirmişlər.
Müstəqilliyini bərpa edən ölkəmizin qarşılaşdığı çətinliklər: suverenliyimizin qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi, Qarabağ torpaqlarına göz dikənlərin yaratdıqları problemlər, müzəffər ordumuzun şanlı qələbəsi bu gün ədəbiyyatımızım daha çox müraciət etdiyi mövzulardandır.