söyünmə”, "Qaçaq Nəbi”, "Qafqazlı qardaşlarla görüş”, "Gözüm aydın” şeirləri, ayrı-ayrı sənətkarlara yazdığı mənzum məktublar uzun illər Güney Azərbaycanda Şimali Azərbaycanla əlaqə və ünsiyyətin etibarlı bələdçisi olmaq vəzifəsini yerinə yetirmişdir. Şairin yaradıcılığında sənətkarların birliyi milli-mənəvi birlik ideyasının timsalı kimi mənalandırılmışdır:
Ümumiyyətlə, Şəhriyar lirikasında ictimai-siyasi məzmunlu şeirlər mühüm yer tutur. Mövcud ictimai quruluşdakı nöqsanları, "pisin yaxşıya qarışdığı”, "şeytanın artıb min olduğu” cəmiyyətdə gördüyü eyibləri vətəndaş-şair mövqeyindən ardıcıl tənqid edən sənətkar həyata "qəmdən bir eynək taxaraq” baxmaq məcburiyyətində qaldığını dönə-dönə vurğulayır. Şahlıq rejimi dövründə ölkənin başqa dövlətlərdən asılı vəziyyətə düşməsi ilə barışmayan şair etiraz səsini ucaldır, kəskin tənqidi fikirlər söyləməkdən çəkinmir:
"Şatır oğlan”, "Sənəti-məmləkət”, "Hara qaçsın insan?”, "İman ilə getdi”, "Zaman səsi” və s. şeirlərində o, həyatda müşahidə etdiyi haqsızlığı, ədalətsizliyi, yoxsulluğu yanıqlı, təsirli bir dillə əks etdirir.
Hər cür inkişafa xüsusi önəm verən şair "Varlıq” dərgisinin tarixi, mədəni və siyasi əhəmiyyətini "Azadlıq quşu - "Varlıq” adlı şeirində böyük ustalıqla ümumiləşdirir:
Ustad Şəhriyarın yaradıcılığında poema janrının da xüsusi yeri vardır. Müxtəlif mövzularda olan poemaların bir qismi fars dilində yazılmışdır. "Nişapurda günəş batarkən”, "Qardaşım oğlu Huşəngə”, "Gecənin əfsanəsi” tərcümeyi-hal səciyyəli əsərlərdir. Onlarda şairin Xorasan vilayətindəki sürgün illərindən, ailə ənənələrindən, uşaqlıq xatirələrindən danışılmışdır. II Dünya müharibəsi ilə bağlı hadisələr ("Stalinqrad qəhrəmanları”), insanları qardaşlığa, xeyirxah əməllərə çağırış ("Şeir və hikmət”), Vətən haqqında səmimi hisslərin ifadəsi ("Heydərbabaya salam”) və s. onun poemalarının bir qismində aparıcı yer tutmuşdur.
Ata yurdu Xoşginaba səfəri "Heydərbabaya salam” poemasının yazılmasında mühüm rol oynamışdır. Bu pioema Azərbaycan ədəbiyyatının şah əsərlərindən biri olmaqla bərabər, həm də dünya poeziyasının nadir incilərindəndir.
Şairin yaradıcılığına harada yaşamasının da müəyyən təsiri olmuşdur. 1952-ci ildə Tehranda vəfat edən anasını Qum şəhərində dəfn edən sənətkar paytaxtda ona bəslənən biganə münasibətə etiraz olaraq 1953-cü ildə Təbrizə qayıtmışdır.
1973-cü ilə qədər Təbrizdə yaşayıb-yaradan Şəhriyar hörmətli şəxs olan Cavad Heyətin təkidi ilə Tehrana köçmüşdür. Bir il sonra arvadı Əzizə xanımın vəfat etməsi onu sarsıtmış və şair birdəfəlik olaraq Təbrizə dönmüş, ömrünün sonunadək orada yaşamışdır. Onun evi şeirsevərlərin sənət məbədinə çevrilmiş, şairlər ustadın ətrafında birləşmiş və beləliklə, Təbrizdə Azərbaycan şeirinin Şəhriyar məktəbi yaranmışdır.