Sonrakı təsvirlərdən aydın olur ki, bu qızın səsinin şairi cəlb etməsi təsadüfi deyilmiş. Qızın səsi şairə ona görə güclü təsir edibmiş ki, o, belə gözəl səsin insanları zülümdən, ölümdən xilas edə biləcəyindən xəbərdar imiş. Şair kitablarda - "tarixlərdə” Sara haqqında oxuduğu əhvalatı Səsli qıza danışır.
Poemanın sonrakı səhifələrindən məlum olur ki, Sara vətənini dərin məhəbbətlə sevən, xalqının azadlığı uğrunda həyatını qurban verməyə hazır olan cəsarətli qızdır. Düşmənə yararlanan yaltaq həmyerliləri onu kef məclisinə gətirir və qalib hökmdara "ölkəmizin ulduzu” adı ilə təqdim edirlər. İşğal olunmuş ölkədə baş verən qırğın, dağıntı bu qeyrətli qızı sarsıtmışdır. Dodaqlarının qanı qaçan, solğunbənizli Sara yas içindədir. O, rəqs etməyə, mahnı oxumağa məcbur edilir. Sara oxuyur, onun səsində "ölkədə qaynayan kin”, mahnının sözlərində isə doğma yurda dərin məhəbbət əksini tapır.
Saranın qaniçən hökmdarı zəhərləyərək öldürməsi ümumxalq üsyanının başlanmasına, nəticədə ölkənin işğaldan azad edilməsinə səbəb olur.
Qalib hökmdar obrazı poemada az görünsə də, oxucu onu qədərincə tanıya bilir. Qanlı əməlləri onun haqqında ətraflı təsəvvür yaradır. İşğal etdiyi ölkənin əhalisini qılıncdan keçirən xaqan yas içində olan yerli adamları ertəsi gün bayram keçirməyə məcbur edir. Poemadakı təsvir və işarələr bu obrazı əhatəli təhlil etməyə, müəllifin ona münasibətini aydınlaşdırmağa imkan verir.
Məğlub ölkənin hökmdarı, varlı adamları, din xadimləri barədə poemada deyilənlər onların xarakteri, əməlləri üçün səciyyəvi cəhətləri müəyyənləşdirməyə və qiymətləndirməyə imkan yaradır.
Bitkin kompozisiyası, maraqlı süjet xətti olan poema orijinal məcazları, dilinin aydınlığı ilə diqqəti cəlb edir. Səsli qıza müraciətlə deyilənlərin əks olunduğu ilk səhifələri poemanın proloqu saymaq olar. Bunun ardınca əsas hadisənin təsviri başlanır. Bir-biri ilə bağlı olan təsvirlər oxucunu sonadək gərgin vəziyyətdə, intizarda saxlayır.
Əsərdə obrazlılığın təmin edilməsində məcazların xüsusi rolu vardır. Səsl i qızın qeyri-adi səsini "büllur kimi səs”, ölkənin ağır vəziyyətini "qanlı mühasirə”, "hıçqırıqlı diyar” şəklində ifadə edən şair məcazlardan ardıcıl istifadə etməklə əsərin bədiiliyinin artmasına nail olmuşdur.
Poemada bədiiliyin, obrazlılığın qüvvətlənməsinə əhəmiyyətli təsir edən vasitələrdən biri də sözdən məharətlə istifadə edilməsi, yığcam ifadələr işlətməklə təsvir obyekti barədə zəngin təsəvvürün yaradılmasıdır.
Əsəri bir daha nəzərdən keçirməklə, mənbələri araşdırmaqla bütün bu deyilənləri nümunələr əsasında geniş şərh etmək mümkündür.
Poema ideya-məzmununa görə zəngindir: vətənin düşmən hücumundan müdafiə edilməsinin vətəndaşın şərəf işi olması; ölkənin müstəqilliyini, xalqın azadlığını heç nə ilə əvəz etməyin mümkün olmaması; "insanlığın əzilməsinin”, insanın qəddarlıqla məhv edilməsinin yolverilməzliyi və s.
Poemanın dərin ictimai-siyasi məzmununu duymaq çətin deyildir; şair "tarixlərdə oxuduqlarını” yox, vətənində 1920-ci illərdə gördüklərinin onda yaratdığı təəssüratı ürək ağrısı, hiddət, qəzəb və dərin təəssüf hissi ilə qələmə alır. Poemadakı məğlub ölkədə baş verənlərlə azadlığı əlindən yenicə alınmış ölkəmizdə müşahidə olunanların arasında oxşarlıqlar çoxdur. Suverenliyinə, azadlığına qəsd edilmiş Azərbaycan xalqı milli dövlətinin devrildiyi günü bayram etməyə təhrik olundu...