Əziz şagirdlər!
Siz on birinci sinifdə çoxəsrlik ədəbiyyatımızın son iki yüz ildə yaranmış nümunələri ilə mərhələlər üzrə ətraflı tanış olacaq, yeni bilik və bacarıqlara yiyələnəcəksiniz. Mənbələr üzrə araşdırmalar aparmaqla dərslikdəki yığcam məlumatları zənginləşdirəcək və tamamlayacaqsınız.
Bu sinifdə irihəcmli əsərlərlə tanış olacaqsınız. Onları sinifdə öyrənməyə başlamazdan əvvəl asudə vaxtlarınızda müstəqil oxumalı, müəyyən qeydlər etməlisiniz.
XI sinifdə öyrənəcəyiniz ədəbiyyat özünəməxsusluğu ilə fərqlənir, lakin o, təbiidir ki, varislik və ənənə ilə üzvi surətdə bağlıdır. Əvvəlki dövrlərdə ədəbiyyatımızda özünü qabarıq göstərən humanist ideyalar, milli-mənəvi dəyərlər, vətən və xalq sevgisi və s. bu əsrlərdə yaranmış əsərlərdə də bu və ya digər dərəcədə öz əksini tapmış, yaradıcı şəkildə inkişaf etdirilmişdir.
Azərbaycan Demokratik Cümhuriyyətinin devrilməsi, yeni ictimai-siyasi quruluşun - sovet hakimiyyətinin yaranması ədəbiyyatımızın da xalqımız kimi çətin günlər yaşamasına səbəb oldu. İyirminci yüzilliyin əvvəllərində ədəbiyyatımızda güclənən tənqidi realizm və romantizm məhz yeni quruluşun təzyiqi ilə geri çəkildi. İndi həyat həqiqətləri sovet ideologiyasının sərt tələblərinə uyğun əks etdirilməli idi, yəni əyri güzgüdə olduğu kimi... Bu tələbləri qəbul etməkdə çətinlik çəkən, yaxud qəbul etməyən, milli düşüncəni, vətənin, xalqın taleyini və müstəqilliyini hər şeydən uca tutan minlərlə ziyalı, sənət adamı repressiya qurbanı oldu. Ədəbiyyatımıza yeni bir qol da əlavə olundu - mühacirət ədəbiyyatı... Vətənini tərk edən, canını qırmızı terrordan qurtarmağa nail olan yazıçı və şairlərimizin xarici ölkələrdə nisgil dolu əsərləri meydana gəldi.