II
Ertəsi gün çox erkən
Yuyuldu qaldırımlar.
Şallaqla güldürüldü
Hıçqırıqlı bir diyar.
Yuyuldu divarlara
Sıçramış qan ləkəsi.
Vay səsi susduruldu,
Əmr edildi toy səsi.
Haqqı yoxdu kimsənin
Söz deyib, dərd açmaya.
Bəzənib çıxmalıydı
Gələnlər ağlaşmaya.
Döndü, oldu qəhqəhə
Qan qusan hıçqırıqlar.
Çiçək səpəcək oldu
Bütün qəlbiqırıqlar.
Qan içən padişaha
Hazırlandı istiqbal:
- Çıxmalısan qarşıya
İstəyir öl, istər qal!..
Elə bil olmamışdı
Dünənki keşməkeş də.
Çıxdı güləş üzüylə
O bəxtəvər günəş də...
III
Bütün şəhər silkinib...
Əsər qoymadı pasdan,
Dünənki matəm hanı?
Doğrudan, çıxdı yasdan.
Düşmən şahın gəlişi
Qanuni bayram oldu.
Bir çox dərdli ürəklər
Qanlı sevinclə doldu.
Qəribədir bu insan;
Al əlindən canını,
İstəyirsən ovucla
Hortlat axan qanını,
Qoparıb əz qəlbini,
Əylən çırpınmasilə,
Sürükləyib yerlərdə
Beyninin bağasilə,
Heç baxma istəyirsən,
Saflığa, günaha əs,
Bir yırtıcı cəllad ol,
Doğra parça-parça, kəs,
Qadınsa, tut, boğ onun
Qan qusan fəryadını,
Qoy çıxarsın yadından
Sevdiyinin adını;
Qızsa, atın döşündə
Ləhlət gün qızmarında.
Gəlinsə, hərraca qoy
Əsirlər bazarında.
Sonra çəkil, uzaqdan
Məğrur baxışla bir bax!
Görəcəksən ölənlər
Baldırında bağırsaq:
Sənin qanlı əlində
Bitməz qüvvət var deyə,
Hazırdır bağışlayıb
Dadsız-dadsız gülməyə...
IV
Hazırlandı baş keşiş,
Meçid həyətində də
Eyni ilə canlandı iş:
Danışdı şişman xoca
Üç saatdan yuxarı,
Hazır qıldı beyətə
Mömin müsəlmanları.
Xaçilə keşiş çıxdı
Müshəfilə şeyxana;
Çıxdılar istiqbala
Xaçla məshəf yan-yana...
Qarnı tox tacirbaşı
Dingildəyib gedirdi
Şeyxlərlə yanaşı.
İnsan əlindən yerə
Düşməzdi iynə atsan,
Yalnız küçələr deyil,
Evlər gətirdi insan.
Dırmaşmışdı uşaqlar
Mazqallı divarlara.
Boylanıb dururlardı
Ürkək, zəif, avara!..
Dam üstündə qızların
Solğun dodaqlarında,
Boylanan gəlinlərin
İslaq yanaqlarında
Solan hüznün yerində
İndi vardır bir maraq.
Nə çiçəklər yetirir
Bu qan qoxulu torpaq!
Sayılırkən əvvəldən
Bir ölkənin pənahı,
Qarışmışdı xalqına
Ölkənin məğlub şahı.
Şahın bu gün ağır daş
Asılmışdı boynundan,
Çıxmayırdı əlləri
Xələtinin qoynundan.
Keçən gündə edərkən
Allahlıq iddiası,
İndi bu son cəlala
Kəsildi, durdu asi.
Gir yerə, ey padişah!
Sənin bu boş başından
Nələr çəkdi məmləkət
Bir soruş göz yaşından.
V
Açıldı bayraqlar, çalındı boru,
Fələk görməmişdi bu vurhavuru.
Toz ərşə dayandı, göy dumanlandı,
Torpaq şaxa qalxdı, toz da canlandı.
Qıvrıla-qıvrıla boz bir əjdaha
Gəlirdi salama büzülmüş şaha...
Qaçdı məğlub şahın bəti-bənizi,
Coşdu, dalğalandı insan dənizi.
İstidən bayıla, tərdən boğula
Birdən bütün başlar çevrildi yola,
Gözlər qıyılaraq qaşlar çatıldı,
Qələnin bürcündən toplar atıldı...