V a s i f
(ətrafa)
Ah, fəqət,
Qardaşım Arifə qaldım həsrət. (Yaralı bir ahənglə.)
Nerdəsin? Gəl bana, Arif!.. Əlan
Kim bilir, bəlkə, əcəl verməz aman.
İ b l i s
Hazır ol! Bir, iki, üç... (Silahlar açılır.)
R ə n a
Vasif! Eyvah!.. (Cənazə üzərinə qapanıb ağlar.)
A r i f
(şaşqın)
Nasıl? Vasifmi?!
İ b l i s
(acı qəhqəhə ilə)
Öylə ya, Vasif!.. O Vasif ki, səni
Eşqi yıllarca əsir etmişdi,
Sana qurban oluyor, baq, şimdi.
A r i f
(şaşırır, Vasifə yaqlaşır, dəlicəsinə tədqiq edər, son dərəcə
həyəcanlı)
Qardaşım, ah, o əvət!.. (Qucaqlar.)
Vasif! Oyan,
Ah, visalın nə yaman oldu, aman!
Şu vidain daha müdhiş... Vasif!
Dur, bərabər gedəlim... (Əlindəki silah ilə intihar etmək
istər.)
R ə n a
(mane olur.)
Of, Arif!
(Biixtiyar silah Arifin əlindən düşər, Vasifə baqıb qorqar, geri çəkilir. İblisi
sərsəmcə baqışlarla süzüb durur).
Ü m u m
(coşqun, İblisə)
Sənsin bu cinayətlərə bais.
Qəhr olmalı, məhv olmalı İblis!
Hər tərəfdən hücum etmək istərlər.
İ b l i s
(gah istehzalı və məğrur, gah çılğın və qorqunc qəhqəhələrlə)
Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər,
Altın və qadın düşkünü divanə bəbəklər.
Bin hiylə quran tilki siyasilər, o hər an
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!
İblis nədir?
- Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
- İblis!..
(Şiddətli və sürəkli qəhqəhələr içində yerin dibinə çəkilir, Arif əlilə saçlarını
yaqalar və məcnunanə bir tevr ilə baqıb durur. Ətrafdakılarda da eyni şaşqınlıq
davam edər).