(Bu sırada vüqarlı, müsəlləh, zabitqılıqlı, qalın bıyıqlı, gur, qarasaqallı,
zində və
mühib simalı Elxan ağaclar arasından çıqar. Ətrafda iki qurşun atılır, Elxan
haydutlara)
Durmayın, haydı, bir baqın da nə var,
Bəkçilər zərrə qəflət eyləməsin.
Ələ bir av keçərsə, siz gətirin.
Bana baq, kim dökərsə haqsız qan, (kəndinə işarətlə)
Ən ağır bir cəza verir Elxan.
Bu sırada gedən haydutlar iki-üç çingənə ilə İbn Yəmini silahsız
olaraq gətirirlər.
Elxan onu görüncə tanır. (İbn Yəminə)
Söylə, kimsin? Adın nə?
İ b n Y ə m i n
.. İbn Yəmin.
E l x a n
(Ariflə Rənayə yarımqəhqəhə ilə)
Bəni asdırmaq istəyən şu ləin!
İştə bir av ki, izlər avçısını.
İ b n Y ə m i n
(diz çökər)
Aman, əfv et! Qüsurluyum, Elxan!
(İblis ağaclar arasından çıqar).
E l x a n
Yahu, səni kim bıraqdı?..
İ b l i s
(məğrur bir tevr ilə əlini köksünə qoyaraq)
Kəndim!
A r i f
(Elxana)
Bir mürşid o, sahibi-kəramət. (İblisin əlini öpər)
Xoş gəldin, aman, nə mutlu saət!..
E l x a n
Kimsin, əcəba, səndə ki var böylə məharət?
İ b l i s
Bən hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət,
Bir qüdrəti-külliyyə ki, aləm bana bədxah,
Dünyadə əgər varsa rəqibim, o da: Allah!.. (qəhqəhə)
..Bən Şərqdə abid olurum, Qərbdə rahib.
Bir qazi olub, gah edərim fitnələr icad,
Bəzən olurum bir çoban, azadə bir insan,
Bəzən olurum zülmü fəsad aşiqi sultan.
Bu halda İxtiyar — Xavərin babası - başıaçıq olaraq pərişanhal və məcnunanə
bir qiyafətdə ağacların arasından çıqar.
İ x t i y a r
(həyəcanlı və çılğınca bir fəryad ilə)
Ah, Xavər! Sana kim qıydı, gülüm!
Bən dururkən sana layiqmi ölüm?
Onlar, eyvah, o səfil insanlar,
Qəlbi, vicdanı sönük qaplanlar!..
E l x a n
(sözünü kəsərək)
Söylə, aç söylə, bilinsin dərdin,
O sönük qəlbi isındırmaq için,
Nə dilərsin yaparım, etmə kədər...