A r i f
Bəndə yoq altın, əzizim, zira
Uymamış sərvətə könlüm əsla.
İ b l i s
(yarımqəhqəhə ilə)
Altının yoqsa, silahın var ya,
Bəni öldür də, qavuş sonra ona.
Nəyə daldın, niçin oldun məyus?
A r i f
Çünki yoq bir şeyim, əfsus, əfsus!
İ b l i s
Bir şeyin yoqsa da, könlün var ya,
Bana ver könlünü...
A r i f
(masa üzərindəki şərab qədəhini yaqalar)
Ah, aman! Bir içim olsun, bana su!
İ b l i s
(sürahiyi alıb qədəhi raqı ilə doldurur)
Al, iç!
A r i f
(yarıya qədər içər. Yüz-gözünü bürüşdürür)
Eyvah, nə dəhşət, yahu!
Su deyil, səmli bir atəşdir bu.
İ b l i s
(başqa bir şüşədən böyük bir qədəh dolusu şərab verir)
Bu, fəqət tatlıdır, al iç!
Rəna əlində bir qaç parça kağız daxil olur.
İ b l i s
Şu kağızlar nə içindir, yavrum?
R ə n a
Onu bunlar edəcəkdir məhkum.
A r i f
Əcəba, kimdir o xain, miskin?
R ə n a
Səncə, pək bəlli hərif: İbn Yəmin.
A r i f
Bana ver, şimdi o azğın canavar,
Bulur, əlbəttə, cəza, qurtulamaz.
(Kağızları alır, sürətli adımlarla gəldiyi qapıdan çıqar.)
İ b n Y ə m i n
(daxil olur, Rənayə)
Get, gülüm, sonra məhəbbət edəriz.
(Ariflə bərabər əlisilahlı iki kanun nəfəri daxil olur. Arif İbn Yəmini
göstərir.)
Tam kəndisi, iştə! Ah, qəddar!
İ b n
Y ə m i n
Lakin çəkilirmi bu həqarət? (Silah çəkmək istər.)
A r i f
Bəllidir etdiyin xəyanət. (İbn Yəmini alıb götürürlər.)
A r i f
Xain yaqalandı, ən nihayət.