A r i f
(acı təbəssümlə)
Bir fəzilətsə öldürüb-ölmək,
Canavar bizdən əşrəf olsa gərək.
... İ x t i y a r
(onun qolundan tutaraq)
Arif, oğlum, bıraq münaqişəyi,
Gəl, işim var səninlə...
... İ b n Y ə m i n
(dışarıda pəncərə önündə, çavuşa)
Pək düşündün, nə var?
Ç a v u ş
Bəyim, hər şey,
Bir bəla iştə gördüyün Arif,
Çünki Rənayə pək yaqın şu hərif.
Daha müdhiş bəla bizim əskər,
Qorqarım, cümlə sirri faş eylər.
Bizi görmüş də çünki Rənanın
Babasın qətl edən zaman, xain!
Arif sağ tərəfdən daxil olur, onları dinlər.
İ b n Y ə m i n
(qafasını oynataraq istehzalı təbəssümlə)
Bir böyük ordu, bir yığın insan,
Bənim uğrumda oldu həp qurban.
Keyfə sərf eylədim də milyonlar,
Yenə devlətcə etibarım var.
Bən kimim, bir ərəb... nə zənn etdin?
Bir çocuqdanmı qorqar İbn Yəmin? (Gedərlər.)
İşıq azalır, ağsaqallı, möhtəşəm simalı bir miralay xəyalı görünür.
R ə n a
(şaşqın və həyəcanlı)
Ah, babam, bir də anlı-şanlı babam!
İntiqam almadan, inan, yaşamam.
B a b a s ı n ı n
x ə y a l ı (mühib və ağır bir ahənglə)
İntiqam! İntiqam!.. (çəkilir.)
A r i f
Aman, bu nə hal! ?
R ə n a
Babamın kim bulursa qatilini,
Ona bən səcdə eylərim ələni.
Bəni çöllərdə gəzdirən duyğu,
İntiqam eşqi... həp bu, yalnız bu.
A r i f
Görünür, sizcə, bəllidir qatil?
R ə n a
Xayır, əsla bilinmiyor o səfil,
Diyor İbn Yəmin: "İnan bana sən,
Bulurum nerdə olsa qatili bən”.
A r i f
Bəncə, bir hiylədir bu, dinləmiyin.
... Bu sırada Vasiflə arqadaşı küçük zabit, silahsız olaraq, yaralı bir rus zabiti
gətirirlər.