A r i f
Artıq yetişir, anladım, izahə nə hacət,
Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət!
Həp qəhr oluyorkən şu cihan xain əlinlə,
Bilməm nəyə gəldin, nəyə gəldin bana, söylə?!
İ b l i s
Baqdım, əziyor ruhunu həp qeydi-əsarət,
Gəldim edəyim ta səni hürriyyətə dəvət.
Baqdım, səni məhv etmədə bin dürlü xəyalət,
Gəldim verəyim qəlbinə bir nuri-həqiqət.
.. A r i f
Haydı, çəkil, iştə açıq yol!..
(Fəsini bir tərəfə atıb əsəbi hallar keçirir. Səhnə aydınlaşır.)
X a v ə r
(gəlir, həyəcan və təlaş ilə)
Söylə, Arif! Aman, nə oldu yenə,
Yenə kimlər göründü gözlərinə?
A r i f
Sorma, hiç sorma, nazənin Xavər,
Bəni məhv etdi iztirabü kədər. (Onu qolları arasına alır.)
Sən, əvət, sən də olmasan, heyhat!
Bəni bir gün boğar şu qanlı həyat.
Ah, o gözlər bilirmisin nə diyor?
X a v ə r
Nə diyor, söylə...
A r i f
Ruhu cəzb ediyor,
Söylüyor əski xatiratı bana. (Ətrafa.)
Sanki qarşımdadır gözəl Rəna.
..Bu sırada İxtiyar ilə bərabər, İbn Yəmin, Rəna, zənci çavuş və bir əskər, əlində
ufaq bir çanta daxil olurlar.
A r i f
(diqqət və heyrətlə ətrafa)
Ah, o, Rəna, nazənin afət!
X a v ə r
Yenə bir şeymi oldu, Arif?
A r i f
Əvət. (Rənayə yaqlaşaraq)
Söylə, Rənamı isminiz?
R ə n a
(Arifin əlini sıqar, heyrət və sevinclə)
Arif!
İ b n Y ə m i n
(Arifi, süzər, ətrafa)
Bizə bir əngəl olmasın şu hərif?!
A r i f
Bu gəliş, əfv edərsiniz, nerədən?
İ b n Y ə m i n
(məğrur və laübali)
Səhneyi-hərbdən, mücadilədən.