Ya Rəb, bu cinayət, bu xəyanət, bu səfalət
Bulmazmı nihayət?
İnsanları xəlq etmədə var, bəlkə də, hikmət,
İblisə nə hacət!?
Yorğun və düşüncəli bir halda iskəmləyə oturur. Dərhal səhnənin
işığı azalır. İblis sürəkli və istehzalı qəhqəhələrlə yerdən -
alevlər içindən çıqar. Yaldızlı və əflatuni ridasının ətəkləri hərəkət
etdikcə atəşrəng sima və əlbisəsi parlar, durur.
İ b l i s
Arif! Bana baq, sən də mi evhamə qapıldın?
Biçarə çocuq, sən də mi İblisə taqıldın?
Dahilər, ululəzm nəbilər belə bəndən
Hiç vəchlə təxlisi-giriban edəməzkən
Daim bəni təhqir edərək əyləniyorsun...
Həp söyləniyor, söyləniyor, söyləniyorsun...
Bir gün gəlir, əlbəttə, şu izan ilə sən də
Baziçə olursun qoca İblisin əlində.
İblis, o böyük qüdrət, o atəşli müəmma
Bir gün səni də kəndinə eylər kölə... amma
Heyhat, olamaz dərdinə bir kimsədən imdad,
İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad.
Ridasının ətəklərini Arifin yüzünə sürər, laübali qəhqəhələrlə
çəkilib gedər. Səhnə aydınlaşır.
A r i f
(şaşqın, sinirli bir tevr ilə saçlarını qarışdırır, içəri girməkdə
olan İxtiyara həyəcanlı və müztərib)
Gəl, gəl bana! Gəl, eylə bənim dərdimə çarə!
İ x t i y a r
Oğlum, mədəni aləmi nifrətlə bıraqdın,
Gəldin şu cədəlsiz, bədəvi aləmə çıqdın.
İnsandakı haqsızlığı, zülmü unut artıq,
Qəlbindəki nifrətləri, vəhşətləri yaq, yıq.
Yüz, bin deyil İblisə uyan... həp bəşəriyyət
Etmiş bu gün ev yıqmağa, qan içməyə adət.
Arif! Unut, oğlum, unut artıq, bəni dinlə,
Sən kəndini məhv eyləyəcəksin bu gedişlə.
... Bu sırada dəhşətli göy gurultusu başlar. Gurultu ilə bərabər,
İblisin qəhqəhələri eşidilir. İxtiyar məyus və düşüncəli bir halda
qülbədən çıqar. Arif əli alnında olaraq gurultu və qəhqəhələri
dinlər. Eyni zamanda səhnənin işığı azalır.
A r i f
(fəsini qoyaraq, şaşqın)
Kimsin, nəçisin? Söylə, nədir fikrü məramın?
Nerdən gəliyorsun, nə imiş şöhrətü namın?
İ b l i s
(məğrur qəhqəhələrlə)
Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim,
Həp Xaliqə təsbih idi, təhlil idi virdim,
İlk öncə mələklər bəni təqdis ediyordu,
Adəm kibi bir sayğısız axır ləkə vurdu.
Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım,
Allah ilə bir zikr edilir namü nişanım.