İ b l i s
(məmnun qəhqəhələrlə)
Dəryalərə hökm etmədə tufan,
Səhraları sarsıtmada vulkan,
Sellər kibi aqmaqda qızıl qan,
Canlar yaqar, evlər yıqar insan... (qəhqəhə)
M ə l ə k
Ya Rəb, bu nə dəhşət, nə fəlakət?
Ya Rəb, bu nə vəhşət, nə zəlalət?
Yoq kimsədə insafü mürüvvət,
İblisəmi uymuş bəşəriyyət!?
İblisin müstəhzi və sürəkli qəhqəhələrilə bərabər, yenə göy gurultusu, top,
mitralyoz sədaları başlar. Sonra sükut...
İ b l i s
(çılğın qəhqəhələrlə)
Toplar veriyor aləmə dəhşət,
Dəhşət!.. Qopuyor sanki qiyamət,
Yağmur kibi göydən yağar atəş!..
Atəş!.. Qaralar, dalğalar atəş!..
M ə l ə k
Ya Rəb, azacıq lütfü inayət!
Qəhr olmada artıq bəşəriyyət.
Başdan-başa həp yer yüzü vəhşət,
İblis ilə həmrəngi-siyasət.
Gözlər qapanır, səhnə aydınlaşır.
A r i f (uyqudan oyanır kibi alnını və gözlərini ovuşdurur. Yerindən qalqar,
göyə doğru)
Dünyaları yoqdan yaratan, ey ulu Tanrı!
Ey xaliqi-hikmət!
... Ey varlığı yoq, yoqluğu vardan daha dilbər!
Ruhum səni izlər.
Lütf et, o gözəl çöhrəni bir an bana göstər,
Könlüm səni özlər.
Uydum da peyğəmbərlərə, qanunə, kitabə,
Duydum yenə qəsvət.
Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə,
Həp zəfə əlamət...
Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat,
Yoq rəhbəri-vicdan;
Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat,
Bir şöleyi-irfan.
En, gəl bana, yaxud bəni yüksəklərə qaldır,
Gəzdir qonağında;
Yerlərdə süründüm, yetişir; göylərə qaldır,
Dindir qucağında,
Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi
Cənnətdə mələklər?
Qaldır bəni, ta görməyim insandakı zülmi,
Baq, yer üzü inlər.