Üsyankar ruhda yazılmış "Qadın” şeirində şair onu daim düşündürən ictimai
problemdən - qadının taleyindən, mövhumatdan, cəhalətdən uzaqlaşmasından
söz açır, azad, bəxtiyar bir insan kimi ömür sürməsini arzulayır. "Hərb və
fəlakət” əsərində ədib dünyada gücün, zorun haqqı üstələməsi ilə barışa bilmir,
hərb yolunu tutanların bəşəriyyəti fəlakətə sürüklədiyini göstərir.
H.Cavidin "Bir ahi-məzlumanə” (1907), "İştə bir divanədən bir xatirə”
(1912), "Hübuti-Adəm” (1913) əsərlərində epik təsvirlərdən çox, lirik-romantik
düşüncələr öz əksini tapmışdır. "Azər” poemasında şairin Qərbə və Şərqə, eyni
zamanda Şərq-Qərb müstəvisində Azərbaycana baxışları əks olunmuşdur.
H.Cavid ədəbiyyatımızda mənzum romantik
dramaturgiyanın banisidir. Ədibin ilk dramatik əsəri olan "Ana”nın (1910) mövzusu Dağıstan
həyatından alınmışdır. "Maral” (1912) pyesi pula, sərvətə aludəçiliyin cəmiyyətdə törədə
biləcəyi faciələri əks etdirir.
Sənətkarın dramatik əsərlərinin
mövzu, problem, konflikt özəlliyi hansılardır?
Bakı
mətbəə işçilərinin həyatından bəhs edən "Şeyda” (1916) pyesində ədibin digər
dram əsərlərindən fərqli olaraq, çətin, ağır həyat tərzinin və azadlıq düşüncəsinin təqdimi ön plana
çəkilmişdir. Dramaturq "Şeyx Sənan” (1914) mənzum
faciəsində dini-əfsanəvi şəxsiyyət olan Şeyx Sənanın timsalında insanın mənəvi
ucalığını, əsl eşqin dini etiqad üzərindəki təntənəsini, buxovları qırmaq qüdrətini əks etdirmişdir.
"Uçurum” (1919) faciəsi ilə Hüseyn Cavidin yaradıcılığının
birinci mərhələsi başa çatır.
Sonrakı illərdə qələmə alınmış "Peyğəmbər” və "Topal Teymur” əsərlərində
tarixi şəxsiyyətlərə, hadisələrə müraciət olunmuşdur. "Knyaz” (1929) faciəsində H.Cavid azad
sevginin və pak mənəviyyatın təntənəsi motivini diqqət
mərkəzinə çəkmiş, böyük tarixi-ictimai dəyişikliklərin insan taleyinə ciddi
təsirini parlaq boyalarla əks etdirmişdir. 1932-ci ildə yazdığı "Səyavuş”
faciəsində dramaturq Ə.Firdovsinin "Şahnamə” əsərinin motivlərinə müraciət
edərək öz humanist düşüncələrini qələmə almışdır.
H.Cavidin dramaturgiyası "Xəyyam”, "İblisin intiqamı” əsərləri ilə tamamlanır.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında
zənginləşdirin və tamamlayın.
2.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
3.
“İblis” faciəsini oxuyun, əsərin məzmunu üzrə müzakirəyə hazırlaşın.
1.
Azərbaycan dramaturgiyası antologiyası. Dörd cilddə. I cild, Bakı:
Şərq-Qərb, 2007, s.13-14.
2.
Cavid H. Əsərləri. Beş cilddə. I cild, Bakı: Lider Nəşriyyat, 2005, səh.
7-13, 10-23.