Yazıçının həyat və yaradıcılığında
İstanbul, Tiflis və Naxçıvan ədəbi
mühitlərinin hansı rolu olmuşdur?
Hüseyn Molla Abdulla oğlu Rasizadə Naxçıvanda anadan olmuşdur. O, əvvəlcə mollaxanada
ərəb-fars dillərini öyrənmiş, Şərq tarixi və ədəbiyyatına dair ilkin biliklər əldə etmişdir.
Sonra
Naxçıvanda açılan yeni tipli "Tərbiyə” məktəbində təhsil alan
H.Cavid burada
dünyəvi elmlərə yiyələnmiş, məktəbin müdiri, tanınmış şair Məhəmməd Tağı
Sidqinin təsiri ilə ilk şeirlərini yazmışdır. Gənc Cavid 1898-1903-cü illərdə
Cənubi Azərbaycanda yaşamış, Təbrizdəki "Talibiyyə” məktəbində təhsilini
davam etdirmişdir.
1906-1909-cu illərdə İstanbul Universitetində təhsil alan Cavidin dünyagörüşünün inkişafında
görkəmli türk şairlərinin yaradıcılığı böyük rol oynamışdır. Tələbə ikən "İrşad” qəzetində "Növhə”,
"Füyuzat” dərgisində isə "Bir
ahi-məzlumanə” əsərləri çap olunmuşdur. O, universiteti bitirdikdən sonra
Naxçıvana qayıdaraq müəllimliklə məşğul olmuş, lirik şeirlər, "Ana” pyesini
yazmışdır. 1911-ci ildən etibarən H.Cavid ədəbi-pedaqoji fəaliyyətini Tiflisdə
davam etdirmişdir. Onun "Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə
burada çap olunmuşdur.
O, 1918-1919-cu illərdə Naxçıvanda "Rüşdiyyə” məktəbində dərs demişdir.
Şairin "Bahar şəbnəmləri” şeirlər kitabının çap olunması, "İblis” və "Uçurum”
faciələrinin yazılması, "İblis”in tamaşaya qoyulması ədibin böyük sənət
uğurları idi.
Hüseyn Cavidin sovet dövründəki
fəaliyyəti hansı cəhətləri ilə səciyyələnir?
Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra müəllim kimi fəaliyyət göstərən
H.Cavidin dram əsərlərinin nəşri, müvəffəqiyyətlə tamaşaya qoyulması ona böyük şöhrət
qazandırmışdır. Bütün bunlar H.Cavidin nüfuzunu artırmaqla
bərabər, sənətinə və şəxsiyyətinə paxıllıqla yanaşanların da
meydana çıxmasına səbəb olmuş, dövri mətbuatda ədib haqqında haqsız tənqidi
məqalələr çap olunmuşdur. Əsərlərinə ədəbi məhkəmələr qurulmuş, üzvü olduğu Yazıçılar İttifaqının
yığıncaqlarında o, "burjua yazıçısı”, "müasir həyatı əks
etdirməyən” sənətkar kimi tənqid olunmuşdur. Bütün bunların nəticəsində
H.Cavid 1937-ci ilin iyun ayında günahsız yerə həbs olunmuş, 1941-ci ildə
Sibirdə həbs düşərgəsində vəfat etmişdir. Ədibə 1956-cı ildə bəraət verilmişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və köməyi ilə H.Cavidin cənazəsi
1982-ci ildə Sibirdən vətənə gətirilmiş, Naxçıvanda torpağa tapşırılmışdır.
Sənətkarın poeziyasını
səciyyələndirən başlıca
xüsusiyyətlər hansılardır?
Azərbaycan ədəbiyyatında romantizmin əsas
yaradıcılarından olan H.Cavid həm əruz, həm də
heca vəznində şeirlər yazmışdır. Humanist, duyğularla, nəcib amalla yaşayıb-yaradan H.Cavid
"Mənim tanrım gözəllikdir, sevgidir” deyirdi. Bu qayə onun
poema və dram əsərləri ilə yanaşı, fəlsəfi-lirik şeirlərində də öz əksini
tapmışdır. Şairin "Çoban türküsü”, "İlk bahar” kimi şeirləri fərqli duyğuların
yüksək sənətkarlıqla ifadə edilməsi ilə seçilir. "Qız məktəbində” şeiri təkcə ədibin yaradıcılığında
deyil, ümumən poeziyamızda süjetli lirikanın mükəmməl
nümunələrindən sayılır.