Qaraciyər xəstəliyinə tutulan şair Bakıda və Tiflisdə müalicə olunur. Tiflisdə olarkən C.Məmmədquluzadə dostunu evində qonaq saxlayır, ona böyük qayğı göstərir. Sabiri müalicə etmək üçün məşhur həkimləri evinə dəvət edir. Həkimlərin əməliyyat təklifinə razı olmayan şair Şamaxıya qayıdır, lakin xəstəliyi şiddətləndiyindən yenidən Bakıya getməli olur. Əməliyyata razı olsa da, həkimlər artıq bunun faydasız olduğunu bildirirlər. Şamaxıya qayıdan Sabir 1911-ci ilin iyul ayının 12-də dünyasını dəyişir. Lakin şair xalqına qoyub getdiyi bədii yaradıcılığı, xüsusilə satiraları ilə əbədi ömür qazandı. Bəs bu əsərlərin şairi əbədiyyətə qovuşdurmasına səbəb nədir? Sabir əsərlərində zəmanənin eyiblərini, problemlərini göstərməklə kifayətlənməmişdir. Satiraların hər birində xalqının azadlığını və tərəqqisini ürəkdən arzulayan, bunun üçün yollar arayıb göstərən böyük humanistin, həqiqi vətəndaşın mövqeyi ifadə olunmuşdur. Onun əsərlərinin yüz ildən də artıq bir müddətdə sönməyən maraqla oxunmasının başlıca səbəbini də bunda görmək lazımdır.
Sabir satiraları mövzu baxımından son dərəcə zəngin olsa da, onlar bir nöqtədə - xalqın həyatı və taleyi məsələsində birləşir. Başqa sözlə, şairin əsərlərinin baş mövzusu xalq həyatıdır. Onun satiralarının əsasında ya birbaşa, ya da dolayısı ilə xalqın mənafeyinin, hüquq və azadlığının müdafiəsi dayanır. Bu, ölməz sənətkarın əsas yaradıcılıq məramnaməsi idi. O, "pisi pis, əyrini əyri, düzü həmvar” yazmağı şairlik borcu bilirdi və ömrü boyu buna sadiq qaldı. Sabir başqalarının görmədiyi, yaxud görmək istəmədiyi "pisi” elə aydın və təsirli şəkildə təqdim edirdi ki, buna laqeyd qalmaq mümkün deyildi:
Bu misralarda ifadə olunmuş fikir - ölkədəki aclıq, səfalət şairi daim düşündürmüş, bir-birindən kəskin əsərlərin ("Bizə nə?!”, "Dilənçi”, "Ağlaşma” və s.) yaranmasına səbəb olmuşdur. Eləcə də kəndlinin dözülməz yaşayışı, mülkədar-bəy zülmü ("Əkinçi”, "Səbr eylə!”), fəhlənin ağır həyatı, haqqını, hüququnu müdafiəyə qalxması və buna görə də sahibkarın hiddətinə, qəzəbinə tuş gəlməsi ("Bakı fəhlələrinə”, "Fəhlə, özünü sən də bir insanmı sanırsan?”, "Təraneyi-əsilanə”) ölməz sənət əsərləri üçün mövzu olur, Sabir realizminin qüdrəti sayəsində milyonların gözünü açırdı.
Çarizmin - rus hakimiyyətinin yürütdüyü mənfur müstəmləkəçilik siyasəti, milli ucqarlardakı mürtəce mövqeyi, idarəçilikdə fərsizliyi və bunun fəsadları şairin satiralarında həyati faktlar əsasında ardıcıl ifşa edilmişdir. Hökumətin xalqa zidd siyasətini, vəd etdiyi azadlıqların riyakarlıqdan başqa bir şey olmadığını açıqlayan şair ("Hə, de görüm”, "İstiqbalımız lağlağıdır” və s.) Dumaya ümid bəsləyib təbliğat aparanlara incə kinayə, inadlı məntiqlə müraciət edirdi: