Səyahətə çıxan Ələkbər bir sıra Şərq ölkələrinin həyatı ilə tanış olur. Bu, dünyagörüşünün inkişafında əhəmiyyətli rol oynadığı kimi, gələcək yaradıcılığına da təsirsiz ötüşmür. O, atasının ölüm xəbərini eşidib vətənə dönür. Bir müddət sonra ailə quran Ələkbər böyük bir külfətin yaşayışını təmin etməli olur. O, sabun bişirib satmaqla ailənin ehtiyaclarını ödəməyə çalışır.
İlk şeirlərini çox erkən yazsa da, Sabir bədii yaradıcılıqla XIX yüzilliyin sonlarında ardıcıl məşğul olmağa başlamışdır. Klassiklərimizi, Şərq ədəbiyyatını dərindən öyrənən şair ilk lirik şeirlərini ənənəvi mövzu və janrlarda yazmışdır. Qəzəl, mərsiyə, qitə və rübailəri istedadı barədə təsəvvür yaratsa da, o, sələflərindən ciddi şəkildə fərqlənmirdi. Qəzəllərini daha çox məhəbbət mövzusunda yazan şair ənənəvi yanaşmadan əksər hallarda kənara çıxmır, əsasən, məlum təsvir və ifadə vasitələrindən istifadə edirdi. Onun lirik qəhrəmanı da sələfləri kimi saf məhəbbətlə sevən səmimi aşiqdir:
Sədaqətli aşiq eşq üzündən düşdüyü dərdə dərmanın tapılmamasını arzulayır:
Lakin elə həmin dövrdə artıq gənc şairdə zəmanəsinin eyiblərinə kəskin tənqidi münasibət yaranmışdı. Ədalətsizlik, mədəni gerilik və bunların acı nəticələri onun pak qəlbində qarşısıalınmaz narazılıq dalğası yaratmışdı. Bunun nə vaxtsa üzə çıxacağı, özünə münasib ifadə forması tapacağı şübhəsiz idi.
Zaman ötdükcə M.Ə.Sabirin lirikası ictimai məzmun qazanır. İndi onun lirik qəhrəmanı həyatdakı eyibləri, ziddiyyətləri dərindən duyan, bununla barışmayan, mübarizə yolunu üstün tutan vətəndaşdır.
Sabirin əsl istedadının üzə çıxmasına, satirik şeirimizin ən qüdrətli yaradıcısı kimi tanınmasına imkan yaradan şərait yetişdi. Çar Rusiyasının zəifləməsi, imperiyanı inqilab dalğasının bürüməsi milli ucqarlarda da azadlıq ideyalarının güclənməsinə, etiraz və çıxışların artmasına səbəb oldu. Siyasi iqlimin 1905-ci ildən başlayaraq yumşalması demokratik meyilli qəzet və jurnalların çapına yol açdı. Milli mətbuatımızın tarixində böyük hadisə baş verdi -"Molla Nəsrəddin" jurnalı işıq üzü gördü. Sabir illər uzunu qəlbində yığılıb qalan ictimai dərdləri, fikrini, düşüncəsini daim məşğul edən taleyüklü problemləri dilinə gətirmək, insanlara çatdırmaq imkanı qazandı. Çox az bir müddətdə - 1906-1911-ci illərdə onun jurnalda çap olunmuş bir-birindən kəskin satirik şeirləri ölkənin hüdudlarından çox-çox uzaqlarda da böyük maraqla qarşılandı, insanları mühüm mətləblərdən agah etdi, müəllifə böyük şöhrət gətirdi. Lakin şairin şəxsi həyatında ciddi problemlər vardı. Artıq sabun bişirib satmaqla ailəni saxlamaq mümkün deyildi. 1907-ci ildə Bakı şəhərinə gələn şair bir müddət "İrşad” qəzetinin redaksiyasında çalışır. 1908-ci ildə isə ana dili və şəriət müəllimi olmaq üçün imtahan verir, az sonra diplom alır. Şamaxıda açdığı "Ümid məktəbi'ndə böyük həvəslə işə başlasa da, məktəbin ömrü uzun olmur. 1910-cu ildə Bakıya gələn şair "Zənbur” jurnalının redaksiyasında çalışır, az sonra Balaxanı məktəbində müəllimlik də edir. Bakıda yaşadığı qısa zaman kəsiyində o, gərgin çalışır; "Günəş” və "Həqiqət” qəzetlərinin redaksiyalarında da işləyir, bir-birinin ardınca yazdığı satirik şeirlərini "Günəş” qəzetinə əlavə kimi çap olunan "Palanduz” adlı həftəlik gülüş səhifəsində dərc etdirir, "Molla Nəsrəddin”lə əməkdaşlığını kəsmir, yeni qələmə aldığı əsərlərini ardıcıl olaraq jurnala göndərir.