T e y m u r b ə y. Səlam əleyküm.
R ü s t ə m b ə y. Ay əleykəssəlam, Teymur bəy. Gəl əyləş.
(İçəri otaqdan Zivər xanım çıxır, Teymur bəyə əl verir.)
Z i v ə r x a n ı m (gülə-gülə). A, zdravstvuyte, Teymur bek!
T e y m u r b ə y (Zivər xanımın əlini öpür). Zdravstvuyte, Zivar xanum!
(Teymur bəy də, Zivər xanım da otururlar Rüstəm bəyin yanında. Mirzə Məhəmməddəli acıqlı baxır bunlara. Teymur bəy papkanı açır, kağızları aralayır, sonra üç kağız qoyur Rüstəm bəyin qabağına; bu da kağızlara qol çəkir, verir Zivər xanıma, o da qol çəkib verir Teymur bəyə. Teymur bəy də yığışdırır, qoyur papkaya.)
T e y m u r b ə y (saatına baxıb deyir). Deyəsən, yubanırıq ha!...
(Zivər xanım və Teymur bəy dururlar ayağa. Zivər xanım ayna qabağına gedib,
şlyapasını düzəldir və Teymur bəy ilə çıxıb gedir. Mirzə Məhəmmədəli yenə acıqlı-acıqlı baxır
bunların dalınca. Qənbər, uzun çuxalı və belində xəncər, yanında
çoban Qurban, girirlər içəri. Qurbanın bir əlində uzun çomaq, bir əlində dəsmala
düyülü bir qab. İkisi də baş yendirirlər.)
R ü s t ə m b ə y. Qənbər, nə var, qoyunlar necədi?
Q ə n b ə r. Sağlığın, bir şey yoxdu. Amma qoyunlara bərk qızdırma düşüb, yaman qırır; heç bir əlacı da yoxdu. (Qurbanın əlindən düyünçəni alıb qoyur yerə.) Buyuraydınız, bu yavanlığı boşaldaydılar; bir az kərədi, bir az da təzə şordu. (Qənbər düyünçəni aparır içəri, qapının yanına qoyur.)
Z ə h r a b ə y i m. Qənbər, niyə çoxdandı görünmürsən?
Q ə n b ə r. Xanım bəyim, vallah, macalımız olmur. Qoyunun azarı başımızı bərk qatıb.
R ü s t ə m b ə y. Qənbər, bilirsən nə elə? Sabah axşam mal həkimi bizdə olacaq, cəmiyyəti-xeyriyyənin yığıncağıdı; sən də gəl, yadıma sal, deyək, bəlkə qoyunların qızdırmasına bir dava deyə.
Q ə n b ə r. Baş üstə, gələrəm. (Qənbər və çobanlar çıxırlar. Rüstəm bəy gəlir anasının tərəfinə və gülə-gülə deyir).
R ü s t ə m b ə y. Ana, kefin necədi? Yaxşıdır? Ana, bilirsən nə var? Mən lüğət yazıram. Bilirsən lüğət nədi? Yəni insanın dilində hər nə qəribə söz var, gərək o kitaba yazıla; hamısı gərək yazıla ki, bir söz də qalmaya. Bəlkə, sən də elə bir qəribə söz bilirsən ki, bizim yadımıza düşməmiş ola. Hə, nə deyirsən, ana? Bir qəribə söz de, yazım.
Z ə h r a b ə y i m. Bala, qadan mənə gəlsin, mən nə bilirəm ki, nə deyim?
M i r z ə M ə h ə m m ə d ə l i (durur ayağa). Dadaş, əgər qəribə söz axtarırsan, məndən soruş, deyim; dəxi ağbirçək arvad nə bilir, nə desin? Qəribə söz budu ki, indi, maşallah, kraxmallı alimlər dəxi hicabı-zadı bilmərrə atıb, başlayıblar russayağı üzüaçıq zindəganlıq eləməyə. Elə mənnən olsa, lüğətə bu mətləbi də yazsan, pis olmaz. (Başmaqlarını geyir getsin.)
R ü s t ə m b ə y (acıqlı və ucadan). Məhəmmədəli, səni and verirəm atavın goruna, məndən əl çək.
(Mirzə Məhəmmədəli başmaqlarını geyir getsin.)
Z ə h r a b ə y i m (Məhəmmədəliyə). Bala, Məhəmmədəli, bir dayan. Bala, bir dayan, bir getmə.
(Zəhra bəyim qalxır ayağa, qoltuğundan bir bayaz çıxardır, gedir Məhəmmədəlinin dalıyca: o da qulaq verməyib gedir. Zəhra bəyim yenə gəlib oturur yerində və bayazı qoyur qoltuğuna. Səməd Vahid yazıya məşğul olduqda içəridən uşaq ağlamağı eşidilir. Səməd Vahid, əlində qələm, durur gedir qapıya tərəf və hirsli.)