Romantizm - latın sözüdür, mənası "romanlarda olduğu kimi” deməkdir. Romantizm metodu ədəbiyyat və incəsənətdə həyat hadisələrini yüksək ideallar prizmasından, real həyatda olanları deyil, sənətkarın arzularını, xəyalında canlandırdığı həyatı, surətləri əks etdirməsinə əsaslanır. Sənətkar əsərdə öz arzularını, xəyalında canlandırdıqlarını həyata keçirmək istəyən romantik qəhrəmanların obrazını yaradır. Bu qəhrəmanların arzuları ilə real həyat arasında kəskin ziddiyyətlər olsa da, onlar reallıqla barışmır, romantik ideallarını həyata keçirmək üçün çalışırlar. Romantik əsərin qəhrəmanı güclü hiss-həyəcanları, yüksək duyğuları, hamının qəbul etidyi qanunlara kəskin etirazı, barışmazlığı ilə müəllifin öz həyat mövqeyini ifadə edir. Bu qəhrəman coşqun təbiətli, narahat, ipə-sapa yatmazdır.
XX əsrin əvvəllərində Azərbaycanda romantizm ədəbi cərəyanı yaranıb inkişaf etmişdir.
Sərbəst şeir - şeirin vəzn və qafiyə quruluşuna qoyulan ənənəvi tələblərə sərbəst şəkildə əməl olunduğu şeir forması.
Sinekdoxa - yuna sözü olub "fərzetmə” deməkdir. Sinekdoxa bir hissənin, əlamətin bütöv varlığı, tamı əvəz etməsinə deyilir. S.Rəhimov "Mehman” povestində "Qaloşlu adam” ifadəsini prokurorluğun şər xislətli xidmətçisi olan qoca haqqında işlətmişdir.
Sosialist realizmi - sovet ədəbiyyatının əsas yaradıcılıq metodu. Sovet hakimiyyəti qurulduqdan sonra ölkədə ədəbiyyatın xarakteri dəyişməyə başlamış, bədii düşüncədəki milli və maarifçi idealları, demokratik baxışları tədricən sosialist ideyaları əvəzləmişdir. Sovet ədəbiyyatının əsas yaradıcılıq metodu olan sosialist realizmi anlayışı rəsmi şəkildə 1934-cü ildə meydana çıxmışdı. Bu yolla bədii yaradıcılıqda sosializm ideyalarının tərənnümü genişləndirilmiş, ədəbiyyat sovet ideologiyasının əsas təbliğatını həyata keçirməyə istiqamətləndirilmişdir. Sovet hakimiyyəti illərində qələm sahiblərindən ideoloji tələblərə, sinfilik prinsipinə uyğun olaraq, öz əsərlərində zəhmətkeşləri sosializm ruhunda tərbiyə etmək, kommunizmə inam aşılamaq, sovet vətənpərvərliyini, beynəlmiləlçilik ideyalarını əks etdirmək tələb olunurdu.
Tragikomediya - faciə və komediya ünsürlərini özündə birləşdirən dramatik əsər.
Tənqidi realizm - ədəbiyyatda hadisələrin dərin və əsaslı bədii dərki, cəmiyyətin inkişafına yeni bir təkan verən, insanın vətəndaşlıq mövqeyini diqqət mərkəzinə çəkən ədəbiyyat. Cəlil Məmmədquluzadə Azərbaycan tənqidi realizminin banisidir.
Vulqar sosiologizm - bədii yaradıcılığın (yazıçının) iqtisadi və sinfi münasibətlərdən asılı olduğunu iddia edən baxışlar sistemi.