Motiv -fransızca "vadaredici səbəb” deməkdir. Bədii əsərdə aparıcı motivdən -leytmotivdən əlavə, onu tamamlayan, dolğunlaşdıran, əsas ideyanın açılmasına, qəhrəmanın dərindən dərk edilməsinə zəmin yaradan digər xətlər, motivlər.
Personaj - epik və ya dramatik əsərlərdə hadisələrin iştirakçısı; surət, obraz. "Qəhrəman”, "obraz” terminlərindən fərqli olaraq, personaj lirik əsərlərə aid edilmir. Bu termin, əsasən, əsərdəki ikincidərəcəli iştirakçılar haqqında işlədilir.
Prototip - müəyyən bir obrazın simasında bədii şəkildə ümumiləşdirilən real şəxs. Prototip hər hansı tarixi şəxsiyyət, müəllifin həyatdan yaxşı tanıdığı, yaxud haqqında bildiyi, eşitdiyi bir və ya bir neçə şəxs ola bilər.
Proloq - bədii əsərin başlanğıcında olur, müqəddimə anlamında başa düşülür. Oxucu əsərdə təsvir edilən hadisələrdən əvvəl baş verənlərlə, yaxud müəllifin ifadə etmək istədiyi mühüm fikirlərlə proloqda tanış olur. Proloq oxucunu baş verəcək hadisələri, əsas qəhrəmanları, onların yaşadığı dövrün başlıca xüsusiyyətlərini qavramağa hazırlayır.
Postmodernizm - latın sözüdür, mənası moderndən sonrakı deməkdir. XX əsrdə Avropada yaranan postmodernizm üçün ədəbiyyatın janr və növ çərçivələrinin, gerçəklikdəki qayda-qanunun, əxlaqi-estetik keyfiyyətlərin, ədəbi-bədii normaların inkarı, sərbəstliyə meyil səciyyəvidir. Postmodernizmin də modernizm kimi sərhədlərini, xüsusiyyətlərini dəqiq müəyyənləşdirmək çətindir. Postmodernist əsərin müəllifi xaotik dünyada məna axtarışını, ehkamları inkar edir. Onun yazdığı roman da bu axtarışları parodiya şəklində əks etdirir. Əsərin məzmununda vahid ideya bağlılığı gözlənilmir, bədii mətn bir-biri ilə ciddi qarşılıqlı əlaqəsi olmayan parçalardan ibarət olur.
Postmodernizmdə ədəbiyyatın idraki, tərbiyəedici rolu inkar edilir, ona intellektual oyun kimi yanaşılır. Postmodernist əsərlər klassik ədəbiyyat nümunələrinə fərqli yanaşma zəminində də yazılır. Ədəbiyyatımızda Kamal Abdullanın "Yarımçıq əlyazma”, "Sehrbazlar dərəsi” romanları postmodernist üslubda yazılmışdır.
Realizm - latınca "maddi”, "həqiqi” deməkdir. Ədəbiyyat və incəsənətdə realizm metodu həyatı, varlığı doğru, düzgün, inkişaf prosesində, tipik şəraitdə tipik xarakterlər vasitəsilə əks etdirilməsini əsas götürür. Realizm metodunun əsasında sadəcə faktları, hadisələri, insanları deyil, həyatdakı qanunauyğunluqları əks etdirmək durur. Realizm metodunda yazıçı həyat hadisələrini, onlardakı mühüm cəhətlərin seçilib əks etdirilməsini diqqət mərkəzində saxlayır. XVIII əsrdə yaşayıb-yaratmış M.P.Vaqifin yaradıcılığı ilə ədəbiyyatımızda ilk dəfə erkən realizm meydana çıxmışdır. Zaman keçdikcə bu metod inkişafetmiş, XIX əsr ədəbiyyatımızda maarifçi realizm, XX əsrin əvvəllərində isə tənqidi realizm ədəbi cərəyanları yaranmışdır.
Roman - epik növün həcm etibarilə ən böyük janrı. Əsasən, nəsrlə yazılan irihəcmli epik əsər. İkihissəli roman dilogiya, üçhissəli roman trilogiya adlanır.
Romantika - bədii yaradıcılığın xüsusiyyəti olub həyatın parlaq tərəflərinin, qəhrəmanlığın, əməyin, məhəbbətin, dostluğun və s.-nin yüksək pafosla əks etdirilməsidir. Romantika yalnız romantik metodla deyil, digər bədii metodlarla (realizm və s.) yaradılmış əsərlərdə də özünü göstərir.