Epiloq - bədii əsərin sonunda verilən hissə.
Əsas əhvalatların təsvirini əsərdə tamamladıqdan sonra yazıçı qəhrəmanların sonrakı taleyi barədə epiqrafda yığcam məlumat verir.
Epopeya - epik ədəbiyyatın ən irihəcmli Janrıdır. XIX əsr rus tənqidçisi V.Belinski roman janrında yazılan əsərləri "bizim dövrümüzün epopeyası” adlandırırdı. Müəyyən tarixi dövrü, xalqın həyatını geniş, əhatəli şəkildə, xeyli sayda qəhrəmanların iştirakı ilə əks etdirən romanlar epopeya adlanır. Ədəbiyyatımızda Süleyman Rəhimovun "Şamo” romanı epopeyadır.
Ədəbi məktəb - böyük sənətkarın adı ilə bağlı olan yaradıcılıq ənənələrinin əsrdən-əsrə davam etdirilməsi əsasında yaranan ədəbi istiqamət.
Azərbaycanda bir sıra ədəbi məktəblər, o cümlədən Nizami ədəbi məktəbi, Füzuli ədəbi məktəbi, Mirzə Fətəli Axundzadə ədəbi məktəbi, Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə "Molla Nəsrəddin” ədəbi məktəbi, Əli bəy Hüseynzadənin təsiri ilə "Füyuzat” ədəbi məktəbi yaranmışdır.
Ənənə - bədii təcrübənin nəsildən-nəslə keçməsi, ədəbiyyat tarixində yaradıcı istifadəsidir. Ənənə xalqın taleyində mühüm rol oynayır, ədəbi irs və onun əks etdirdiyi ideallar zəminində insanların mənəvi birliyini təmin edir.
Felyeton -fransızca "vərəq” deməkdir. Bədii, satirik publisistika janrı kimi, əsasən, qəzet və jurnallarda dərc olunur. Felyetonda satirik istiqamət, ictimai həyatdakı nöqsanların tənqidi əsas yer tutur. Felyeton janrında yazılan əsərlər üçün ağrılı problemlərə münasibət, güclü obrazlılıq, yüksək emosionallıq səciyyəvidir. Azərbaycan ədəbiyyatında C.Məmmədquluzadənin felyetonları bu janrın kamil nümunələridir.
Leytmotiv - almanca "əsas motiv” deməkdir. Leytmotiv əsərdəki aparıcı motiv, obraz, bəzən tez-tez təkrar olunan bədii detaldır. Leytmotiv süjetin ana xətti, əsər boyu qırmızı xətt kimi keçən ovqatdır.
Magik realizm — həyatın realist, macəralı təsvirinə magik, mistik, mifoloji, fantastik elementlərin daxil edilməsi.
Məclis - ərəbcə "yığıncaq" deməkdir. Bədii əsərin bitkin hissəsinə "məclis” deyilir. Dramaturgiyada "məclis” əvəzinə "pərdə” sözü də işlədilir.
Məqalə - məcmuədə, jurnalda, qəzetdə kiçik elmi və ya publisistik yazı.
Modernizm - ədəbiyyatda XIX əsrin sonu - XX əsrin əvvəllərində yaranmış cərəyandır. Latın dilində modernus müasir, yeni deməkdir. Modernizm klassik romanı bütünlüklə inkar edərək yeni üslub axtarışlarına keçid, ədəbi formalara yeni yanaşma ilə səciyyələnir. Modernizmdə varlığın, hadisələrin subyektiv yozumu, həqiqətin həyatda, cəmiyyətdə deyil, insanın daxili dünyasında axtarılması, psixoligizm mühüm yer tutur. Bədbinlik, dünyanın düzələcəyinə inamsızlıq, mövcud varlığın insana əzab, iztirab gətirdiyini iddia etmək bu ədəbiyyatın səciyyəvi xüsusiyyətləridir. Müəllif həyat həqiqətlərini deyil, onun şərtiliyini nümayiş etdirir. Bu zaman əsərin bütövlüyü gözlənilmir, hadisələrin inkişaf xəttinin əvəzinə kiçik epizodlara parçalanmış ayrı-ayrı hissələr təqdim edilir. Bir neçə ədəbi qəhrəmanın təsvir edilən hadisə və faktlara bir-birinə zidd yanaşmaları modernizmdə mühüm yer tutur.