Bədii konflikt - latınca konfliktus sözündəndir. Bədii əsərin süjetinin əsasında duran qarşıdurma, münaqişə. Sənətkar həyatdakı ziddiyyətləri, münaqişələri bədii əsərdə hadisələrdə, qəhrəmanın ona əks mövqedə duran qüvvələrlə qarşıdurması vasitəsilə əks etdirir. Konflikt lirik və epik əsərlərə nisbətən dramatik əsərlərin yazılmasında xüsusi əhəmiyyət kəsb edir.
Bədii metod - sənətkarın bədii əsərdə həyatı əks etdirərkən əsas götürdüyü prinsiplər, yaradıcılığında varlığı obrazlı əksetdirmənin daim təkrar olunan ümumi xüsusiyyətləridir. Eyni bədii metodu əsas götürən yazıçıların yaradıcılığı ədəbi cərəyan yaradır; məsələn: realizm, romantizm ədəbi cərəyanları. Sənətkarın fərdi üslubu olsa da, o, müəyyən bədii metodla bağlı olur.
Bədii müqəddimə - bədii əsərdə süjetin əsas komponentlərindən biri: əsas hadisəyə və ya düyünə (zavyazkaya) qədərki hissə.
Dekadentizm — XIX-XX əsrlərin sərhədində Avropada yaranmış ədəbi cərəyandır. Fransız sözü olub mənası mədəni geriləmə deməkdir. Bu termindən Roma imperiyasının süqutunu təsvir edərkən, cəmiyyətdə, insandakı bədbinliyi, ruh düşkünlüyünü, ümidsizliyi əks etdirən əsərlər haqqında danışarkən isitifadə olunurdu. Dekadentizmin nümayəndələri incəsənətin əvvəlki akademik formalarından imtina edərək müasir insanın həssas, çevik dünya duyumuna uyğun yeni özünüifadə formaları axtarırdılar. Bu ədəbi cərəyanın nümayəndələri sosial-siyasi problemlərdən uzaq durmağı sənətkar azadlığının mühüm şərti hesab edirdilər. Onlar ictimai münasibətlərdən imtina edərək gündəlik həyata ikrahla yanaşırdılar, bədii əsərdə dəyərləri deyil, forma gözəlliyini, rəngarəngliyini, simvolik işarələrdən istifadəni zəruri sayırdılar. Bu da, öz növbəsində, ədəbiyyatın reallıqdan uzaqlaşmasına gətirib çıxarırdı.
Dramaturgiya - dramatik növdə yazılmış əsərlərin (dram, komediya, faciə) cəmi. Nəzmlə yazılan dramatik əsərlərə mənzum dramaturgiya, nəsrlə yazılanlara mənsur dramaturgiya deyilir.