Dəmir yolunun Boranlı adlı kiçik məntəqəsində qırx dörd il işləmiş Qazanqapın ölümü və dəfni ilə bağlı baş verən hadisələrə əsərin qəhrəmanlarının fərqli münasibəti cəmiyyətdə mövcud olan bir sıra problemləri aşkara çıxarır.
Əsərin mərkəzində qloballaşma dövrünün ağrılı bir məsələsi - milli yaddaşın itirilməsi problemi durur. Adət-ənənələri, dəyərləri qoruyub-saxlamaq istəyənlərin arzusu yaddaşsızlıq mərəzinin qurbanları - manqurtluğu təmsil edənlər tərəfindən etirazla qarşılanır və bu ziddiyyət əsərdəki ciddi konfliktin əsasında dayanır. Yazıçı manqurt oğulun öz anasını öldürməsi haqqında qədim əfsanəni xatırladır. Lakin qədim əfsanənin süjeti başqa istiqamətdə davam etdirilir. Qazanqapın ölümünə münasibət, onun dəfni ilə bağlı hadisələrin təsviri, əsrlər keçsə də, manqurtluğun məhv olmadığını göstərir. Dəfn mərasiminin təsvirində türk xalqlarının mərhumla vidalaşmaq ayini öz əksini tapıb. Lakin bu mərasimə də formal bir iş kimi başdansovdu yanaşanların mövcudluğu cəmiyyətdəki ciddi mənəvi böhrana gətirib çıxarır.
Romanın baş qəhrəmanı dəmiryol fəhləsi Boranlı Yedigeydir. Əsərdə onun həyatının dramatik hadisələrin baş verdiyi bir günü təsvir olunur. Lakin həmin günün təəssüratları o qədər zəngindir ki, qəhrəman keçdiyi altmış bir illik ömür yoluna nəzər salmalı olur. Kiçik dəmiryol məntəqəsində vəfat etmiş dostunu dəfn etmək üçün qədim qəbiristanlığa gedən Yedigey müdrikdir, dərin düşüncəli, zəhmətkeş insandır.
Yedigeyin zəngin həyat təcrübəsi var, müharibə görüb. O, ömrü boyu öz xalqının milli dəyərlərinə sadiq qalmışdır, düşüncələri, əməlləri xalq hikmətinin saf, büllur bulağını xatırladır. Qarşılaşdığı manqurtlar onun həyat mövqeyini, insanlığa inamını sarsıda bilməyib. Orta savadı belə olmayan Yedigey Sabitcanın, Tansıkbayevin milli mənlik şüurundan məhrum olmasına qəzəb və nifrətlə etirazını bildirir. O, ənənələrin, mənəvi dəyərlərin, düzlüyün qorunub saxlanılması üçün mübarizə aparır. Əsərin sonunda Nayman-Ananın yaylığının ağ quşa çevrilməsini təsvir etməklə yazıçı bütün maneələrə, çətinliklərə rəğmən gələcəyə nikbin baxmağın vacib olması fikrini ifadə edir.
Yazıçı Sabitcanın simasında manqurtluğun - yaddaşsızlığın bu gün də mövcudluğunu real lövhələrlə, ürək ağrısı ilə əks etdirir. Sabitcan atasının ölüm xəbərini laqeydliklə qarşılayır. Ana-Beyit qəbiristanlığında yaranan çətinlik onun əsl simasını - manqurt, yaddaşsız olduğunu aşkara çıxarır. Ətrafda baş verən hadisələrə münasibətdə o öz şəxsi mənafeyindən çıxış edir,