Traktorçular sürüb gedəndən sonra Yedigey hələ bir müddət yerində qalıb neyləyəcəyini fikirləşdi. Boranlı Yedigey peşman idi; peşman idi ki, bu söhbəti niyə saldı, niyə sözlərini havayı yelə verdi. Məgər Sabitcan söz deməli, kömək ummalı adamdı?! Güman eləmişdi ki, savadlı, oxumuş adamdır, özü kimiləri ilə daha asan dil tapa bilər. Qoca Yedigey belə şeylər barədə nə qədər çox fikirləşirdisə, bu fikirlər onda bir o qədər ağrı və ümidsizlik doğururdu.
- Manqurtsan, manqurt! Xalis manqurtsan! - o, qəzəblə pıçıldadı. Kişi ona həm qəzəblənir, həm də acıyırdı.
Qaranərin belində oturan Yedigey belə ağır fikirlər içində ətrafına göz gəzdirdi. Traktorlar çoxdan gözdən itib səslərini kəsmişdi. Boranlı Yedigey vəziyyəti gotür-qoy eləyib belə qərara gəldi ki, təzədən zonanın girişindəki şlaqbaumun yanına qayıtsın. Hər şeydən əvvəl o istəyirdi ki, çalışıb keşik xidmətini məcbur etsin, onu nəzarət altında da olsa, böyük rəisin yanına aparsınlar, ya da lazım gələrsə, o rəisin özünü məcbur eləyib Boranlı Yedigeyə qulaq asmaq üçün şlaqbaumun yanına gətizdirsin. Onda ürəyindəkilərin hamısını deyərdi üzünə... Bu qərardan sonra ürəyi yerinə gəldi.
- Təvəkkül Allaha! İtin ağası varsa, qurdun da Allahı var! - deyə özünə ürəkdirək verdi, Qaranəri möhkəm mahmızlayıb şlaqbauma tərəf yönəldi.
Elə bu vaxt havaya nəsə oldu, getdikcə güclənən vulkan gurultusuyla boşluqda nəsə hərəkətə gəldi. Və lap yaxınlıqda, hardasa lap qonşuluqda, kosmodrom zonasında parlaq atəşlə yanan qorxunc alov sütunu püskürüb göyə sancıldı. Yedigey qorxudan geri atıldı, dəvə də bağırıb yerindən sıçradı... İt qorxusundan yiyəsinin ayaqları altına təpildi.
Birincinin dalınca ikinci, onun dalınca da üçüncü raket göyə qalxdı, sonra biri də, biri də ...
İnsan, dəvə və it dallarına baxmadan qaçırdılar, birdən Yedigeyə elə gəldi ki, manqurt oğlu tərəfindən oxla vurulmuş Nayman-Ananın başından saldığı ağ yaylıqdan əmələ gəlmiş ağ bir quş hardansa böyürdən çıxdı... Ağ quş bu həşirqiyamət içində insanla yanaşı uçaraq deyirdi:
- Kimlərdənsən? Adın nədir? Adını yadına sal! Sənin atan - Donenbaydır, Donenbay, Donenbay, Donenbaydır, Donenbay..
Yenidən birləşən bu zülmət içində bu səs hələ çox eşidildi...
Tanış olmayan sözlər | Mənası | Öz sözümüzdür | Alınma sözdür |
Əsərdən seçilmiş məcazlar |
Məcazların növü |
Onları daha maraqlı hesab etməyimə səbəb nədir? |