Ağ keçəyə bükülmüş Qazanqapı xərəyin içində, qəbir çalasının qırağında uzatmışdılar."İlahi, əcdadlarımızın yoluyla gedib müqəddəs kitablardan öyrəndiyim dualarımı eşidirsənsə, mənim öz sözlərimi də eşit. Elə bilirəm, bunlar bir-birinə mane olmazlar.
Budur, biz kimsəsiz və uzaq bir yerdə Malakumdıçap yarğanında qazdığımız qəbrin qabağında dayanmışıq, Qazanqapı özünün vəsiyyət elədiyi qəbiristanlıqda dəfn eləyə bilmədiyimiz üçün məcbur olub bura gəlmişik. Göydəki çalağan bizim Qazanqapla necə vidalaşdığımızı yuxarıdan seyr edir. Ey böyük Allah, varsansa, keç günahımızdan, həqirin olan Qazanqapın dəfnini rəhmətlə qəbul et, layiqdirsə, onun ruhuna əbədi rahatlıq ver. Bizdən nə asılıydısa, hamısını yerinə yetirməyə çalışdıq. Qalanı sənin öz işindir!
Son dərəcə məyusam ki, Nayman-Ananın dəfn edildiyi müqəddəs qəbiristanlığımıza daha bizimçün yol yoxdur. Buna görə də arzum budur ki, mənim də qəbrim Nayman-Ananın gəzdiyi bu yerlərdə - Malakumdıçapda olsun. Elə olsun ki, mən də indi dəfn edəcəyimiz Qazanqapın qəbri ilə yanaşı olum. Bir də ölənlərin ruhunun başqa canlılara keçməsi doğrudursa, onda mən qarışqa niyə olum, istərdim ki, ağquyruq çalağana çevrilim. Mən də o göydə uçan çalağan kimi Sarı Özəyin üstündə süzüb o ucalıqdan doğma yerlərimi seyr edim, seyr etdikcə də doymayım. Vəssalam. İlahi, bizim bu işimizə fərəc ver...”.
- Amin, - deyə Yedigey duasını tamamladı, bir an susub acı bir həsrətlə çalağana baxdı, sonra yavaş-yavaş cavanlara tərəf döndü. Allahla ünsiyyət tamam olmuşdu. İndi onun qarşısında bu qədər ləngimiş dəfn mərasimini tamamlamaq üçün gələn həmin beş adam dayanmışdı.
Onların hərəsi qəbrə bir ovuc torpaq atıb, küləyin səmtindən qəbri torpaqla doldurmağa başladılar. Əvvəlcə bel-kürəklə kürüyüb doldurdular, sonra da Cumaəli maşına minib torpağı ekskavatorla yığıb tökdü. Axırda qəbrin üstünü yenə də bellə düzəldib sahmanladılar...
Daha vaxt lap daralmışdı. Traktorlar yarğandan enmək üçün dönməyə başladılar. Traktorlar aşağı enənəcən Yedigey Qaranəri yedəkləyərək Sabitcanla yanaşı getdi. O, özünü narahat eləyən bir məsələ haqqında Sabitcanla təklikdə danışmaq istəyirdi.
- Bura bax, Sabitcan, indi daha əlimiz boşaldı, səninlə bir məsələ barədə söhbət eləmək istəyirəm. Bəs indi biz o qəbiristanlıq işini neyləyək? Ana-Beyiti deyirəm.
- Necə yəni neyləyək? Burda heç baş sındırmaq lazım deyil, - deyə Sabitcan cavab verdi. - Plan plandır. Ləğv eləyəcəklər onu, plan üzrə... Vəssalam.
- Bəlkə, mənə danışmaqda kömək eləyəsən, nə qədər gec deyil, elə günü sabah gedərik burdakı böyüklərin yanına, o şəhərcikdə, yəqin ki, bir nəfər lap böyükləri var. Ola bilməz ki, Ana-Beyiti yerlə-yeksan eləsinlər. Axı bu, tarixdir.
- Mənim ailəm, uşaqlarım, işim-gücüm var. Onu istəyirsən ki, burdan bir zəng çalsınlar, orda da dalıma bir təpik vurub atsınlar bayıra? Bağışlayasan gərək, çox sağ ol!
- Aydındır. Söhbət qurtardı! - deyə Yedigey danışmağa nöqtə qoydu. - Ehsanı verək, Allahın köməkliyi ilə bir də səninlə görüşmərik, inşallah.
- Bəlkə də, - deyə Sabitcan üz-gözünü əydi.
Onlar beləcə ayrıldılar. Yedigey dəvəyə minənəcən onlar traktorları işə salıb gözlədilər, ancaq Yedigey onlara dedi ki, ləngiməsinlər, yola düşüb mümkün qədər tez getsinlər, adamlar ehsanı gözləyirlər, dəvə üstündə onunçün hər yerdə yol var, guya özü istədiyi yolla gedəcək.