Nə ağzınızı açıb dayanmısız? Traktorları işə salın! Necə gəlmişik, elə də qayıdaq. Cəhənnəm olub gedək! Döndər görüm! Bəsdir! Bəsdir, gic yerində qaldım! Başqalarının ağzına baxanda belə olar.
Qabaqda traktora minənlər, dallarınca dəvəli adam, onun dalınca da atdana-atdana qaçan it yenə Sarı-Özək çölləriylə hərəkət edib Malakumdıçap yarğanına tərəf yol aldılar. Yarğanın gədiyinə çatanda traktorlar tormozlayıb dayandılar.
- Nə var? Nə olub? - deyə Sabitcan kabinədən boylandı.
- Heç nə. Motorları söndürün, - deyə Boranlı Yedigey əmr etdi. Burda dəfn eləyəcəyik.
- Bəsdi ələ saldığın! - Sabitcan lap özündən çıxdı, onsuz da əzilib əsgiyə dönmüş qalstukunu çəkib dartışdırdı. - Özüm basdıracağam razyezddə, ayrı söz ola bilməz! Bəsdir!
- Qulaq as, Sabitcan, ata sənindir, bu barədə mübahisə ola bilməz. Sən gəl bunun ayrı tərəfini fikirləş. Harda görünüb ki, basdırılmağa aparılan ölü geri qaytarılsın? Hələ belə şey görünməyib. Bu biabırçılıqdan heç birimiz qurtara bilmərik. Dünyasında belə şey olmayıb.
- Cəhənnəmə ki görünməyib! - Sabitcan razılaşmadı.
Caydaq Ədilbəy də ekskavatorun kabinəsindən düşdü, onu görüb əyyaş kürəkən də yedəkdən enib gəldi, traktorçu Cumaəli də yaxınlaşdı ki, görsün nə səbəbə dayanıblar.
- İgidlər, qulaq asın, - deyə Yedigey onlara üz tutdu. - İnsan adətlərini pozmayın, təbiətə qarşı çıxmayın! Hələ belə şey görünməyib ki, qəbiristanlıqdan ölü geri qayıda. Basdırılmağa aparılan gərək basdırılsın. Başqa yolu yoxdur! Baxın bu Malakumdıçap yarğanına, bu da bizim Sarı-Özək torpağıdır! Nayman-Ana burada, bu Malakumdıçapda özünün məşhur ağısını deyib, oğlunu oxşayıb. Gəlin mən qoca Yedigeyə qulaq asın, qoyun Qazanqapın məzarı burda olsun. Elə mənim də qəbrim qoy burda olsun. Allahın rizası olsa, özünüz gətirib burda basdırarsınız. Mən bunu sizdən xahiş eləyirəm. İndi isə hələ gec deyil, vaxt var, baxın, orda, lap yarğanın qaşında mərhumu dəfn elərik!
Hamı susurdu.
- Bilirsiz nə var, siz özünüz bilərsiz, - deyə Cumaəli sükutu pozdu, - mən gedirəm qəbri qazmağa. Mənim vəzifəm budur ki, çala qazım, özü də dərin olsun. Hələ ki vaxt var. Qaranlıq düşəndən sonra kim bu işi görəcək? Siz özünüz bilərsiz.