R ü s t ə m b ə y. Məhəmmədəli, uşağa uşaq deyərlər, böyüyə də böyük deyərlər. Sən sözünü de, əgər sənin sözün haqdır, gərək onu deməkdən çəkinməyəsən.
M i r z ə M ə h ə m m ə d ə l i (bir qədər fikir eləyib oturur yerində və sonra başlayır). Dəmirdən bərk olan şey oddur ki, dəmiri əridir və özü də səxtlik ənasirində üçüncü dərəcədədir. Oddan bərk olan şey sudur ki, odu söndürür və səxtlik ənasirinin dördüncü dərəcəsindədir. (Rüstəm bəy və Mirzə Həsən əllərini ağızlarına basıb gülürlər.) Sudan bərk olan şey buluddur ki, su haman buluddan əmələ gəlir. (Yenə içəri otaqdan səs gəlir, yenə Mirzə Məhəmmədəli hirsli deyir.) Səs gəlməsin! Görürsünüz ki, biz burda söz danışırıq! Bəli, ağama ərz olsun ki, buluddan bərkraq olan şey yeldir ki, buludlara həmişə yeldən fərman çıxır. (Bir qədər dikəlib həvəsə gəlir.) Yeldən bərk olan şey mələkdir ki, yelləri idarə edir; yəni haraya göndərməlidir, göndərir; göndərməli deyil, göndərmir. (Bir az da ucadan və həvəsli.) Mələkdən bərk şey mələkül-mövtdür ki, mələki qəbzi-ruh edir. Hı ... gülərsiniz! Gülün, eybi yoxdur, gülün! Vay halınıza! Mələkül-mövtdən də bərk olan şey bilirsiniz nədir? Ölümdür, ölüm! Hı ... gülərsiniz! (Dəxi də hirsli.) Bəs bilirsiniz ki, ölümdən bərk şey nədir? Bilirsinizmi, ey lüğət yazanlar?... (çığıra-çığıra durur ayağa.) Niyə gülürsünüz? Burada ilan oynatmırlar ki? Məgər insan öz qəbahətini gərək annamaya? Eyb deyil? (Hirsli gedir qapıya tərəf.)
S ə m ə d V a h i d. İştə irkaklar! Haydı arkadaşlar!
M i r z ə M ə h ə m m ə d ə l i (hirsli və ucadan Səməd Vahidə). A kişi, hələ bilmirəm bu nə deyir ey!..
(Səməd Vahid gedib oturur yerində və kağız-qələmini çıxardır. Rüstəm bəy və Mirzə Həsən yenə gülməkdədirlər. Mirzə Məhəmmədəli istəyir başmaqlarını geyə, gedə. Zəhra bəyim qapıda görsənir.)
Z ə h r a b ə y i m (Mirzə Məhəmmədəliyə). Ay balam, bir dayan görüm, hara gedirsən? Axı nə üstə bu qədər savaşırsınız? Ay belə sizə mən qurban olum, axır min dərd-sərimiz, dost-düşmən var!
M i r z ə M ə h ə m m ə d ə l i. Ana, sən Allah, sən də əl götür bizdən!
Z ə h r a b ə y i m. Bala, sizin belə mən qadanızı alım, mənim axır siznən vacib işim var. Məhəmmədəli, bala, bir gəl otur, arxayın danışaq. Sən özün, Allaha şükür, yaxşı-yamanı bilənsən. Axır o qızı hər yandan istəyirlər; qız uşağının evdə qalmağının da bir vaxtı var. Nə deyirsən, ay Rüstəm bala? Sən nə deyirsən, Səməd bala? Niyə dinmirsən, Məhəmmədəli bala! Bir deyin görüm, nə məsləhət görürsünüz? Sizə gələn qada-bala mənə gəlsin.
M i r z ə M ə h ə m m ə d ə l i (acıqlı). Mənə dəxli yoxdur! Hər kəsə istəyirsiniz, verin.
R ü s t ə m b əy (kitabı qoyur, durur ayaq üstə). Ana, mən qabaqca da sənə demişəm, indi də yenə deyirəm, qoy oğlanların da eşitsinlər: qız gərək öz xoşu ilə hər kəsə ki kefi istədi, onu görə və bəyənə və ərə gedə. Dəxi o əsrlər keçibdi ki, qızı zornan istəmədiyi adama ərə verirdilər. Ancaq yenə mən məsləhət görürəm ki, Gülbaharı Aslan bəyə verək.
M i r z ə M ə h ə m m ə d ə l i (hirsli). Əstəğfürullah! Əstəğfürullah! Əgər Gülbahar mənim bacımdır, mən bu əmrə hərgiz razı ola bilmənəm!
R ü s t ə m b ə y. Nə səbəbə razı ola bilmirsən? Xub, nə eybi var, razı olmursan, sən de görək, kimə verək?
M i r z ə M ə h ə m m ə d ə l i. Mən nə bilim? Kimə qismət olar, ona verərik.
R ü s t ə m b ə y. Axır necə kimə qismət olar? Hazır qızı istəyirlər, dəxi yüz il gözlətməyəcəyik ki?
M i r z ə M ə h ə m m ə d ə l i (bir qədər dinməyib). Mənə qalırsa, Gülbaharı Mirzə Bəxşəliyə verərik.