Caydaq Ədilbəy cavab verməyib uzaqlaşdı.
- Mənə bax, dostum, - deyə o, şlaqbauma yaxınlaşaraq gözətçiyə müraciət etdi. - Mən də xidmətdə olmuşam. Bəzi qanun-qaydalardan mənim də başım çıxır. Burda telefon var?
- Onda sən belə elə - keşik rəisinə zəng vur. Ona xəbər ver ki, yerli camaat gəlib. Ana-Beyit qəbiristanlığına getmək üçün icazə istəyir!
Qapı açıq olduğu üçün Yedigey hər şeyi eşidirdi.
- Yoldaş leytenant! Yoldaş leytenant! - deyə gözətçi həyəcanlı, zil səslə danışırdı.
Nəhayət, məlumat verdi, dedi ki, yerli adamlar gəlib, ölülərini burdakı qəbiristanlıqda dəfn eləmək istəyirlər. Necə olsun? Yedigey gərildi. Leytenant desə ki, burax, vəssalam, iş düzələcək! Halal olsun Ədilbəyə! Ağlı başında olan oğlandır. Amma nədənsə gözətçinin söhbəti uzanırdı. İndi o, təkcə suallara cavab verirdi:
- Hə... Neçə nəfər? Altı adamdır. Mərhumla yeddi. Bir qoca rəhmətə gedib. Bəs mən nə deyim? Deməli, olmaz? İcazə yoxdur? Oldu, baş üstə!
Caydaq Ədilbəy gözətçi otağından qanıqara çıxdı, amma dedi ki, leytenant özü gəlib sözünü elə burda deyəcək.
Artıq saat üç idi. Yolları çox uzaq olmasa da, hələ ki Ana-Beyitə çatmamışdılar. Qarşıdakı yolda maşın göründü. "Gəlir! - deyə Yedigey sevindi. - Allah qoysa, hər şey qaydasına düşər. Gözətçi də maşının gəlməyini gözləyirdi. Keşik rəisi şlaqbaumun o tayında dayanan adamlara tərəf döndü:
- Kimdir burda kənar adam? Gözləyən kimdir? Sizsiz? - deyə o, Boranlı Yedigeyə müraciət elədi.
- Biz, bozqoy, karaqım . Ana-Beyitgə Jeltpey tırıp kaldık. Kolay da bolsa, Jardamdeş, karaqım 1 - deyə Yedigey ordenlərini cavan zabitə göstərməyə çalışdı.
Bu, leytenant Tansıkbayova heç bir təsir göstərmədi:
- Yoldaş kənar adam, mənimlə rus dilində danışın. Mən xidməti vəzifə başındayam, - deyə xəbərdarlıq etdi.
Yedigey leytenant Tansıkbayovun üzünə baxır və görürdü ki, bu işdən bir şey çıxmayacaq. O, şlaqbaumun o tərəfində dayanmışdı ki, elə-belə, formal olaraq kənar adamların şikayətinə qulaq assın. Alçalıb pərt olmuş Yedigey tədricən qəzəbləndiyini hiss edirdi, amma iradəsini toplayıb özünü təmkinli saxlamağa çalışırdı. Yox, nə qədər ki mərhum dəfn edilməyib, onun özündən çıxmağa haqqı yoxdur.
Bayaqdan kənarda gəzişib səsini çıxarmayan Sabitcan bu yerdə özünü göstərmək məqsədilə onların qabağına yeridi:
- Nə oldu? Ağzınızdan vurub qaytardılar? Elə belə də olmalıydı! Yaman hazırlaşmışdınız! Ana-Beyit! İndi döyülmüş it kimi geri qayıdırsınız!
- Kimdi döyülmüş it? - deyə kürəkən özündən çıxaraq onun üstünə cumdu
- Aramızda it varsa, o sənsən, əclaf! Orda duranla sənin nə fərqin var? Elə quru gopun var - mən dövlət adamıyam. Sən heç adam deyilsən!
Sabitcan birdən ağa kimi ucadan əmrlər verməyə başladı: