Göylərin altında yatıb qalmış böyük Sarı-Özək düzlərinin sonu görünməsə də, Ana-Beyit qəbiristanlığına yol yox idi. Hamı bu tikanlı çəpərin qabağında çaşıb-qalmışdı.
- Belə çıxır, sahəni xüsusi məqsədlə çəpərə alıblar. Bəlkə, kosmodrom üçündür? — deyə caydaq Ədilbəy öz gümanını bildirdi.
- Belə görünür. Kimin ağlına nə gəlir, onu da eləyir, lənət şeytana, - deyə Yedigey deyindi.
Yenə də susdular. Caydaq Ədilbəy fikirləşib bir çıxış yolu axtarırdı:
- Yaxşı, indi nə cür olsun, Yedigey? Məsləhətin nədir? Qəbiristanlığa başqa bir yol-iz yoxdur?
- Olsun gərək. Niyə də olmasın? Burdan sağa, beş kilometrlikdə yol var, - deyə Yedigey ətrafına nəzər salaraq cavab verdi:
Təzədən yola düzəldilər. Düz şlaqbaumun üstünə çıxdılar.
Onların yaxınlaşmasıyla gözətçi postundan cavan, çiynindən üzüaşağı avtomat sallanmış bir əsgər çıxdı.
- Salam, - deyə əlini gicgahına aparıb rəsmi təzim elədi. Hələ də uşaqlıq yağan açıq-mavi gözləri ilə Yedigeyə baxıb soruşdu: - Kimsiz? Hara gedirsiniz?
- Biz buralıyıq, saldat, - deyə Yedigey onun uşaq ciddiyyətinə baxıb gülümsündü. - Ölü aparırıq, qocalarımızdan biri rəhmətə gedib, bizim qəbiristanlıqda basdırmaq istəyirik.
- Buraxılış vərəqəsi yoxdursa, olmaz, bu sahə nəzarət altındadır, - deyə əsgər məsələnin nə yerdə olduğunu başa saldı.
- Bunu başa düşürəm, axı biz qəbiristanlığa gedirik. Lap yaxındadır. Burda nə var ki, basdırıb qayıdarıq.
- Olmaz! İxtiyarım yoxdur, - deyə gözətçi cavab verdi.
Elə bu vaxt Sabitcan yersiz olaraq, işgüzar bir görkəmlə irəli soxuldu:
- Nə var, nə olub? Mən vilayət həmkarlar şurasındanam, - deyə özünü nişan verdi. - Niyə durmuşuq?
- Daha burda nə söz ola bilər! - Sabitcan əsəbiləşdi. - Mən elə əvvəldən bilirdim! - deyə Yedigeyə tənə vurdu. - Bilirdim ki, bu işin axırı puçdur! Xeyr! Nə danışırsan, gərək Ana-Beyit ola! Ana-Beyit! Bu da səninçün Ana-Beyit! - O, təhqir olunmuş halda, hirslə tüpürüb uzaqlaşdı.
Yedigey:
- Bağışla, oğlum, - bir ata kimi əsgərə üz tutdu. - Aydın işdir, sən xidmət başındasan. Amma indi bu mərhumu nə cür eləyək? Axı kötük deyil ki, atıb çıxıb gedək.
Sabitcan getdikcə qızışırdı, axır Caydaq Ədilbəyə yaxınlaşdı:
- Mən axı dedim! Bu boyda yol basmağın mənası yoxdur! Bu, mövhumatdır, gerilikdir! Özünü də, bizi də işə saldı! Ölünü harda quylayırsan quyla, nə fərqi var! Xeyr, ölsən də, partlasan da, gərək Ana-Beyit ola! Sən də bu yandan ona qoşuldun, çıx get, sənsiz dəfn eləyərik! Hə, indi elə görüm, necə eləyəcəksən!