- Nə vaxt?
- Elə indi baş çəkməyə getmişdim, dedim, görüm necədir, bəlkə, bir şey-zad lazımdır. İçəri girdim, gördüm işığı yanır, uzanıb yerində, amma saqqalı belə birtəhər dik durub... Yaxınlaşıb soruşdum ki, Qazı əkə, bəlkə, sizə isti çay gətirim? Gördüm ki... - səsi tutuldu, qəhər onu boğdu, qapaqları nazilib qızarmış gözləri doldu, içini çəkib yavaşdan ağlamağa başladı. - Sən bir adamın axırına bax?! Necə insan idi! Ölüb getdi. Yanında gözünü qapamağa bir adam da olmadı.
- Hönkürdü, ağladı. - Axı kimin ağlına gələ bilərdi! Elə-beləcə də kimsəsiz-kimsəsiz öldü...
- Nə eləyəcəyik? Ölü düşəndə nə eləyirlər? Dəfn eləyəcəyik. - O, qəti qərara gəlmiş adam kimi ayağa durdu. - Arvad, sən qayıt geri, amma indi mənə qulaq as.
- Qulağım səndədi...
- Osmanı oyat. Baxma ki razyezdin rəisidir, dəxli yoxdur, ölüm qabağında hamı bərabərdir. Ona de ki, Qazanqap ölüb. Kişi qırx dörd il burda can çürüdüb.
- Bəs uşaqları?! Axı əvvəlcə uşaqlara xəbər vermək lazımdır! Ataları ölüb.
Yedigey başını yellədi:
- Mən də bilirəm ki, uşaqlarsız olmaz... Amma ixtiyar məndə olsaydı, heç yaxına da buraxmazdım!
- Oğlu, görəsən, şəhərdən özünü çatdıra bilər?
- İstəsə, çatdırar. Srağagün stansiyada olanda özüm teleqram vurmuşam. Yazmışam ki, atan ölüm ayağındadır, daha bundan artıq nə yazmalı idim ona. Gəlməyinə gələcək, amma adını kişi qoysa da, qonaq kimi dayanıb baxacaq. Sən ləngimə, get necə demişəm, elə də elə.
Ukubala yol alıb getdi, sonra tərəddüdlə ayaq saxladı, təzədən yola düzələndə Yedigey özü onu səslədi:
- Əvvəlcə növbətçi Şahmərdanın yanına get a!.. Qoy mənim yerimə adam göndərsin, sonra əvəzini artıqlaması ilə işlərəm. Kişinin cənazəsi bomboş evdə qalıb, yanında da bır allah bəndəsi yox. Belə şey olmaz! Elə-belə də deyərsən ona!
Yedigey teleqraf dirəyinə söykənib fikrə getdi. Dəmir yolundan xeyli uzaqda otlayan dəvələrin tutqun qaraltısını seçə bildi. Onun dəvəsi Sarı-Özəkdə yüyrəkliyi, zoruyla ad çıxartmışdı, öz sahibi kimi Boranlı Qaranər adı ilə tanınırdı.
...Deyilənlərə görə, nə vaxtlarsa Nayman-Ananın öz manqurt oğlunu axtardığı bu yerlərdə yarğan boyunca çox uzun bir yol keçəndən sonra daha AnaBeyitə bir şey qalmamışdı. Boranlı Yedigey gah saatına, gah da Sarı-Özək üzərindəki günəşə baxıb fikirləşirdi ki, hələlik işləri öz qaydasınca gedir. Dəfndən sonra onlar vaxtında evə qayıdıb hamıyla birlikdə ehsanda iştirak edəcək və Qazanqapı yad eləyə biləcəkdilər. Qabaqda Yedigey qotazlı tərliklə bəzədilmiş Qaranərin üstündə, ondan sonra yedəkli traktor, lap arxada da "Belarus” ekskavatoru Ana-Beyit düzünə çıxdılar. Elə burda da gözləmədikləri maneəyə rast gəldilər -tikanlı məftildən çəkilmiş çəpərlə rastlaşdılar.