(İçəri otaqdan Zivər xanım ətirli və kirşanlı, sinəsi və qolları açıq, qıvraq gəlir, Rüstəm bəyin yazı stolunun üstündəki telefonun dəstəyini qalxızıb qoyur qulağına və belə danışır.)
Z i v ə r x a n ı m. Kto u telefona? Kimdi telefonda? Kimdi? Səlimə xanım? Səlam əleyküm. Sağ ol, sağ ol. Necə? Kim? Hə, yaxşı! Gəlin bir yerdə gedək. Yaxşı, evdədi. Yaxşı, səlamət qal.... (Dəstəyi qoyur yerinə.) Rüstəm, Səlimə xanımgil indi gələcəklər; gərək bu gün biletləri paylayaq, sabah da ki, bilirsən, bizdə cəmiyyəti-xeyriyyənin yığıncağıdı. Bilmirəm sənin hələ işin çoxdur?
R ü s t ə m b ə y. Mən sonra da yaza billəm. Deyirsən nə vaxt gələcəklər?
Z i v ə r x a n ı m. Yarım saata burada olallar. (Rüstəm bəy bir söz deməyib yenə kitaba məşğul olur. Zivər xanım qıvraq çıxıb gedir.)
R ü s t ə m b ə y. İndi keçək "almas” ləfzinə. Yaz, "almas”, latınca "atamas”, pür qiymət daşlar cərgəsindən gözəl şəfəqli və kimya aləmində bundan bərk və səxt daş hələ bu vaxtadək dünyada tapılmayıb; bərklikdə cavahiratın heç biri buna bərabər deyil. Nə zümrüd, nə tupaz, nə dendrit, kvars, yaşma, tormalin və nə qeyriləri.
M i r z ə M ə h ə m m ə d ə l i (başını qalxızıb Rüstəm bəyə tərəf deyir). Mənim qanacağıma görə, sizin kitabınızda olan məlumat məhz Yevropa və Rusiya mənbəyindən əxz olunmuşdur... Mənə qalarsa, haman ittilaatı ki, siz o zəhmətnən cəm edirsiniz, onları Şərq və islam elmləri ilə tətbiq eləməyinizin bir eybi yoxdur. Məsələn, götürək haman almas barəsində bərklik söhbətini. Mənim qanacağıma görə, "almasdan bərk şey dünyada yoxdur” demək özü bir səhv və qələtdir. Almasdan bərk şey dünyada çoxdur.
R ü s t ə m b ə y. Hər nə sözün var, de.
M i r z ə M ə h ə m m ə d ə l i. Söhbət haman səxtlik üstədir ki, siz orada yazdınız. Necə ki məlumdur və kərrat ilə eşitmişik və kitablardan təhsil eləmişik ki, Həqq-təala bizə on şey təyin edib ki, bir-birindən bərkdir ...
R ü s t ə m b ə y v ə M i r z ə M ə h ə m m ə d ə l i (ikisi də əllərini qalxızıb birdən). Ana, dayan, hələ gəlmə, söz danışırıq.
M i r z ə M ə h ə m m ə d ə l i. Haman bərk şeylərin əvvəlincisi daşdır.
R ü s tə m b ə y. Yəni, necə daş?Axır dünyada daş çoxdur, görək hansını deyirsən?
M i r z ə M ə h ə m m ə d ə l i. Heç təfavütü yoxdur. Hansı daş olur-olsun.
(Rüstəm bəy və Mirzə Həsən gülürlər.)
M i r z ə M ə h ə m m ə d ə l i. Dəxi burada gülmək, yəni çe? Siz xahiş etdiniz, mən də deyirəm. Lazım deyil, məni əfv buyurunuz; dəxi gülmək yəni nə olsun? Heç dəxli var?
R ü s t ə m b ə y (gülümsünə-gülümsünə). Yaxşı, sözünü de, gülmərik. Sonra? Daşdan sonra?
M i r z ə M ə h ə m m ə d ə l i. İkinci mərtəbədə daşdan sonra bərk olan şey dəmirdir, zira bu iki cisimləri bir-birinə vuranda (əllərini qoşa tutub yavaşca bir-birinə vurur) aşkardır ki, dəmir daşı sındıracaq.
M i r z ə M ə h ə m m ə d ə l i. Hə ... gülərsiniz, gülərsiniz. Vay sizin halınıza!... Afərin lüğət yazanlar!
R ü s t ə m b ə y (gülə-gülə). Sonra? Dəmirdən sonra bərk olan şey
hansıdır?
(Mirzə Məhəmmədəli durur ayağa, istəyir getsin. Rüstəm bəy durur, onun
qabağını kəsir.)