"Axı biz neyləmişdik?”
Deyən o haqq səsini.
***
Çadırlar quruldu kənddə, şəhərdə,
Bəlkə, məlhəm idi matəm bu dərdə?
Döndü yas evinə bütün məmləkət,
Kasıb ocaqda da qazan asıldı.
Yası, matəmilə çarəsiz millət
Elə bil qatildən intiqam aldı.
Gücsüzün aldığı intiqama bax!
Zorun qarşısında susduq hamımız.
Qırx gün yas saxlamaq: işə çıxmamaq
Oldu üsyanımız, intiqamımız...
Canlı da, cansız da ağlayır bu gün,
Matəm içindədir ölkə büsbütün.
Qızıl qərənfillə qara bayraqlar
Xalqın kədərinə birgə qan ağlar.
ŞƏHİDLƏR
Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər...
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı el qeyrəti çəkdi şəhidlər.
Dözdü hər zillətə, dözdü hər şeyə
"Dünyada mənim də haqqım var”, - deyə.
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər.