İKİNCİ HİSSƏ
(parçalar)
MATƏM MƏRASİMİ
Qəzəb şimşəyindən hər baxış nida!
Hər üzdə, hər gözdə bir sual ağlar.
İnsan dənizinin dalğalarında
Üzür asta-asta tabut-qayıqlar.
Xalq dözə bilsə də zülmün şərinə,
Yanır gözlərində kini, nifrəti.
Alıb tabutları çiyinlərinə,
Allaha göstərir bu cinayəti...
Qızıl qərənfillər əllərdə min-min,
Şəhidlər önündə bir an dondular.
Fədakar oğullar Rəsulzadənin
Bayrağı altında dəfn olundular...
Daldı bir anlığa sükuta göy, yer
Millət ürəyini sükutdan asdı.
On səkkizdə ölən köhnə şəhidlər
Təzə şəhidləri bağrına basdı.
AXI, BİZ NEYLƏMİŞDİK?
Şəhidlər xiyabanı...
Dilə gəlir məzarlar:
- Axı biz neyləmişdik?
Bu ittiham, bu sual
Şəhidlərin birləşən hər yasında səslənir;
Fərizənin, İlhamın
Çırağı söndürülmüş komasında səslənir:
-Axı biz neyləmişdik?
Ağsaqqal babaların, ağbirçək nənələrin
Duasında səslənir:
- Axı biz neyləmişdik?
Bu ittiham, bu sual
Məktəbli Larisanın qara lentə tutulmuş
Partasında səslənir:
- Axı biz neyləmişdik?
Günahsız qurbanların başdaşında səslənir.
Onların yetim qalan körpə balalarının
Dünyadan haqq istəyən göz yaşında səslənir:
- Axı biz neyləmişdik?
Bu ittiham, bu sual
Bağrına dağ çəkilən qocaman bir millətin
Dodağında səslənir:
- Axı biz neyləmişdik?
Cavab verən olmadı.
Boğdular bir millətin