Bizim əlimizdən çoxdan alınmış
Haqqı bu dünyaya bildirdi onlar.
Millətin qəlbinə qəsdən salınmış
Qorxu iblisini öldürdü onlar.
O gecə dağlardan enən sel təki,
Qəzəbdən köpürüb daşdı millətim.
O şənbə gecəsi ürəyindəki
Qorxu hasarını aşdı millətim.
Bu ölüm, bu qırğın dərs olsun bizə,
Deməyək boş yerə candan keçdilər...
Onlar şəhid olub millətimizə,
Cəsarət dərsini təlim keçdilər.
Xəyal bir çiçək də bitirə bilməz,
Bu gündən sabaha körpü salmasa.
Azadlıq ağacı bar verə bilməz,
Şəhidlər qanıyla suvarılmasa...
Baxıb sinələrdən axan al-qana,
Buludlar kişnədi, göy qan ağladı.
O şənbə gecəsi Vətən başına
Elə Vətən boyda qara bağladı.
Azadlıq verilmir, alınır,
dayan!
Onun elçisidir, ölüm, qan-qada.
Ölümə, cəfaya hazır olmayan
Millət hazır deyil azadlığa da.
Yalın əllər ilə tanklar üstünə
Atılan cavanlar, eşq olsun sizə!
Siz təsdiq etdiniz azadlığın da
Halal olduğunu millətimizə!
Şəhid rütbəsinə qalxan cavanlar
Sinəsi hər zülmə qalxan cavanlar,
Böyük Nəsiminin, ulu Babəkin
Xeyir-duasını aldı o gecə.
Zamandan irəli sıçrayıb, yəqin,
Tarixdə tarixtək qaldı o gecə.