Ertəsi... Bakının küçələrindən
Yudular millətin qızıl qanını.
Yuya biləcəkmi o cəllad, görən,
Qanla ləkələnmiş öz vicdanını?
Gecənin yarısı... hər yan qan-qada,
Qırmızı güllələr uçur havada.
Özünü itirmir adamlar yenə,
Yetirir özünü haya-haraya.
Maşınlar bir yana,
çiyinlərdə də
Yaralı daşınır xəstəxanaya.
Güllə vıyıltısı... Bu acı səsdən
Titrəyir,
lərzəyə gəlir bina da.
Amansız soldatlar keçirir qəsdən
Bütün çıraqları xəstəxanada.
Gör necə böyükmüş bizə qəzəb, kin,
Burda da göründü, qalmadı qında.
Çarəsiz həkimlər indi neyləsin?
Əməliyyat gedir şam işığında.
Səhər açılınca adamlar bir-bir
Yığılıb gəlir.
Qan vermək istəyir yaralılara.
Amma insaf hara, qantökən hara?
Soldatlar töküldü hey axın-axın,
Döyükə-döyükə baxdı dörd yana.
Tutuldu bir anda xəstəxananın
Həyəti, bağçası gülləbarana.
Heç kəs bu sifətdə görməyib şəri,
Hələ bəs deyilmiş tökülən qanlar?
Xəstəyə qan vermək istəyənləri
Bir anın içində dağıtdı onlar...
Ertəsi... Bakının küçələrindən
Yudular millətin qızıl qanını.
Yuya biləcəkmi o cəllad, görən,
Qanla ləkələnmiş öz vicdanını?
Bəzən öz-özümə düşünürəm mən:
Nahaq şəhid oldu bizim cavanlar.
Ömrü ucuz verdi...
bir iş görmədən
Boş yerə ölməyin nə mənası var?!
Sonra düşünürəm: onlar qorxmadan,
Cumdular ölümün üstünə belə.
Bir iş görmədilər yaşayan zaman,
Qəhrəman oldular ölümləriylə.