TƏZADLAR İÇİNDƏ
Yalana, riyaya nə qədər uyduq,
Biz Qızıl Orduya abidə qoyduq...
Həmin Qızıl Ordu günün birində
Bizim qanımızı tökdü...
Qatil bizimlə bir, o gecə həm də
Haqqı, həqiqəti tutdu qurşuna.
Hansı göstərişlə gəlibmiş, görən,
Silahsız kütləni bu qıran ordu?
Vallah, bu vəhşəti törədə bilməz
Ən qəddar, qudurğan, çıldıran ordu...
Şər üçün nə qayda,
nə şərt, nə qanun?
Bu imiş "haqq işi” Qızıl Ordunun...
Kimdir bəs ölənlər?
İnanmaq çətin!
Dünən Rusiya üçün can verənlərin,
Şəhid düşənlərin şəhid övladı!
Əfsus! Eyni olur şəhidin adı!
O, şəhid, bu, şəhid!
Sən bir işə bax!
O nəyin uğrunda, bu, nəyin ancaq!
O şənbə gecəsi, o məlun gecə
Birdən üzə çıxdı bu fərq gör necə?!
Ədalət də, gerçək də,
Vallah, yoxdu o gecə.
Zülm, zalım əlilə
Haqqı boğdu o gecə.
Tunc zirehli ilanlar,
Haqqımızı nə anlar!
Həqiqəti yalanlar
Küncə sıxdı o gecə!
Kimə deyim dərdimi?
Qəsbkar namərdəmi?
Yetmiş ilin dərd-qəmi
Gözdən axdı o gecə.
Analar amanından
Sinələr oldu şan-şan.
Şəhidlərin qanından,
Şimşək çaxdı o gecə.
Qara geydi bu Vətən,
Yox hayına bir yetən.
Həyata hamiləykən,
Ölüm doğdu o gecə.
Nə deyək bu vəhşətə,
Bu zülmə, bu dəhşətə;
Allah bu müsibətə
Necə baxdı o gecə?