Şairin tarixi mövzuda yazdığı "Gülüstan” poeması (1959) geniş əks-səda doğurmuşdur. Əsərdə Azərbaycanın birliyi və azadlığı ideyası önə çəkilmiş, yurdumuzu iki yerə bölmüş rus imperiyası və İranla yanaşı, qəsbkar sovet rejiminə də etiraz, gələcək nəsillərin xalqın azadlıq, müstəqillik ideallarını həyata keçirəcəyinə inam ifadə edilmişdir.
B.Vahabzadənin sovet dövründəki milli azadlıq düşüncəsi beynəlxalq mövzularda yazılmış əsərlərində də öz əksini tapmışdır. Bu baxımdan onun 1967-ci ildə tamamladığı "Təzadlar” poeması, əslində, Azərbaycan həqiqətlərinə həsr olunmuş qiymətli əsərdir. Şair poemada Vyetnam müharibəsi fonunda azadlıq düşüncələrini əks etdirmişdir.
Şairin sonrakı illərdə yaratdığı poemalar mövzu müxtəlifliyinə görə seçilir. Onlarda insan ləyaqətinin ucalığı ("Ləyaqət”), sovet rejiminə xas total qorxunun yaratdığı fəsadlar ("İki qorxu”), Cənubi Azərbaycandakı soydaşlarımızın mənəvi dünyası və problemləri ("Mərziyə”, "Bağışlayın, səhv olub”) parlaq ifadəsini tapıb.
Sənətkarın fəal vətəndaşlıq mövqeyi onun dram əsərlərində də öz əksini tapmışdır. Müxtəlif illərdə yazılmış "Vicdan”, "İkinci səs”, "Yağışdan sonra”, "Yollara iz düşür” dramları rəğbətlə qarşılanmışdır.
Azərbaycanın işğalına, xalq qəhrəmanı Babəkin edam edilməsinə nail olmuş Aqşinin ərəb xilafətinin valisi kimi Azərbaycana qayıtması və həyatını dar ağacında bitirməsi "Dar ağacı” pyesində ibrətamiz hadisə kimi əks etdirilir. Ədibin fikrincə, xalqından ayrı düşən, ona xəyanət edən insan xoşbəxt tale yaşaya bilməz. Mövzusu İmadəddin Nəsiminin dövründən, hürufilikdən götürülmüş "Fəryad” mənzum tarixi faciəsində fikir və şəxsiyyət azadlığı problemi qoyulub. Azadlıq uğrunda mübarizə aparan, ölümə gedən insanın haqq səsinin - fəryadının eşidilməsi arzusu əsərdə ön planda durur.
"Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında yazılmış "Özümüzü kəsən qılınc” dramında ədib ortaq soykökünə malik türklərin ulu keçmişinin tarixi məqamlarını diqqət mərkəzinə çəkmişdir. Azərbaycanda və Türkiyə səhnəsində böyük uğurla tamaşaya qoyulan bu əsər türk xalqlarının birlik arzusunun ədəbiyyatdakı böyük əks-sədasıdır. Bu,şairin türk dünyasına vəsiyyətnaməsi kimi səslənir.