Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olan B.Vahabzadə Mir Cəlalın rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvlərindən olmuş, şeirləri poeziya almanaxlarında çap olunmuşdur. Gənc şairin "Ana və şəkil” adlı şeiri 1943-cü, "Mənim dostlarım” adlı ilk kitabı isə 1949-cu ildə işıq üzü görmüşdür. Sonrakı illərdə onun "Əbədi heykəl” (1953), "Sadə adamlar” (1954), "Ceyran” (1957), "İnsan və zaman” (1964) və s. kitabları nəşr olunmuşdur.
B.Vahabzadənin elmi-pedaqoji fəaliyyəti təhsil aldığı universitetlə bağlı olmuşdur.
1988-ci ildə Ermənistan ölkəmizə qarşı işğalçılıq müharibəsi başlayanda B.Vahabzadə xalq hərəkatının rəhbərlərindən biri olmuş, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə xalqımızın səfərbər olmasında böyük rol oynamışdır.
B.Vahabzadə yaradıcılığının bütün mərhələlərində zəngin ənənələrə malik Azərbaycan lirikasını orijinal şeirlərlə zənginləşdirmişdir. Onun vətəndaşlıq lirikası milli istiqlal düşüncələrində yoğrulmuş ictimai-fəlsəfi şeirlərinin mükəmməl
Müstəqilliyin möhkəmləndirilməsi uğrunda gedən mübarizə günlərində meydana çıxmış "Ömür qatarı”, "Mən aldanmaq istəyirəm”, "Sənsizliyin içində”, "Borcludur” və s. lirik şeirləri xalq şairinin yaradıcılıq imkanlarının tükənməzliyini nümayiş etdirir.
Müharibə dövrünün ovqatı ilə yazılmış "Ana və şəkil” şeirində övladını cəbhəyə yola salan ananın keçirdiyi hisslər tərənnüm edilir. "Yaşıl çəmən, ağac altı, bir də ki tünd çay” şeirində cəbhədəki dostundan ürəkdolusu danışan azərbaycanlı döyüşçü obrazı yaradılmışdır. "Məktəb yolları”, "İlk cığır”, "Tələbə müəllim”, "Yazı taxtası” şeirlərini şair məktəb, təhsil mövzusunda yazmışdır.
B.Vahabzadənin lirikasında vətəndaşlıq duyğularına, ana dilinə həsr olunmuş şeirlər mühüm yer tutur. "Vətəndaş” şeirində insanın vətən qarşısında borcu təsirli bədii dillə xatırladılır. "Ana dili” əsərində şair doğma dilimizdə danışmağı ar bilən insanlara vətən çörəyini haram bilir. "Latın dili” şeirində nəinki Azərbaycan ədəbiyyatında, hətta keçmiş Sovet İttifaqı miqyasında milli azadlığın vacib şərt ərindən olan ana dili uğrunda mübarizədən söz açılır. Sənətkarın "Azərbaycan Türkiyə” adlı məşhur şeiri dövlətçiliyini bərpa edəndən sonra Azərbaycana bütün sahələrdə təmənnasız dəstək verən qardaş Türkiyə Cümhuriyyəti ilə tarixi bağlılığı və çağdaş münasibətləri əks etdirən təsirli poetik nümunədir.
B.Vahabzadənin poema yaradıcılığı mövzu-problem əlvanlığı ilə seçilir. Onun ilk poeması Məhəmməd Hadiyə həsr olunmuş "Xəzan bülbülü” (1942) əsəridir. 60-cı illər ədəbiyyatımızın dəyərli nümunələri olan "Şəbi-hicran” M.Füzuliyə, "Ağlar-güləyən”