Bu dövrdə ədəbiyyatımız bütövlükdə azərbaycançılıq ideologiyası zəminində inkişaf edir. Müstəqillik dövrünün ədəbiyyatı yeni Azərbaycanın və onun qurucuları olan müasir insanın bədii obrazını təqdim edir. Ədəbiyyatımızın inkişafında altmışıncılar və yetmişincilər ədəbi nəsilləri ilə yanaşı, yeni tarixi dövrün meydana çıxardığı müasir yazıçılar nəsli də fəal iştirak edir.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı öz yaradıcılarını da yetişdirmişdir. Elçin Hüseynbəyli, Ramiz Rövşən, Afaq Məsud, Vaqif Bayatlı Odər, Aqil Abbas, Rəşad Məcid, Rüstəm Behrudi, İlqar Fəhmi, Adil Cəmil və başqaları müstəqillik dövrü ədəbiyyatının yeni qüvvələrini təmsil edirlər.
Eyni zamanda bilavasitə müstəqilliyin yetirməsi olub bu dövr ədəbiyyatını yaradanların sırasında özünü təsdiq edən Salam Sarvan, Qulu Ağsəs, Səlim Babullaoğlu, Şərif Ağayar, Aqşin Yenisey, Elxan Qaraqan və başqaları yaradıcılıqlarını uğurla davam etdirirlər.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı çətin, ağrılı yol keçərək çoxmetodlu ədəbiyyat kimi formalaşmışdır. Bu epoxada ədəbi cərəyanların yaranmasında müxtəlif qrup və birliklərin mühüm rolu olmuşdur. Müstəqillik dövrünün demokratik ədəbi mühitinin doğurduğu yeni ədəbi cərəyanlar - postmodernizm,
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında yeni tipli tənqidi realizm cərəyanı formalaşmışdır. Klassik tənqidi realizmdən fərqli olaraq, müasir dövrün tənqidi realizmi ifşa yolu ilə getməyərək cəmiyyətin dərin, əsaslı bədii dərkini müasirlik mövqeyindən meydana qoyur, yeni insanın gerçək obrazını yaradır, insan mənəviyyatına zərər gətirən hallara qarşı çıxır.
Müstəqillik dövrünün çoxmetodlu ədəbiyyatı Azərbaycanda bərqərar olmuş demokratik ədəbi mühitin çoxsəsli ədəbiyyatıdır. Yeni tənqidi realizm, modernizm, postmodernizm, dekadentizm, magik realizm və digər ədəbi cərəyanların təmsilçiləri olan ən yeni dövr Azərbaycan yazıçı və şairləri ədəbiyyatımızın milli və ümumbəşəri dəyərlər zəminində inkişafına öz töhfələrini verirlər.
Milli müstəqillik dəyərlərinin, azad Azərbaycan idealının tərənnümü, azadlıq uğrunda mübarizənin təsviri, Qarabağ müharibəsi mövzusu müstəqillik dövrü ədəbiyyatımız üçün səciyyəvidir. Azərbaycan ədəbiyyatında sovet ideologiyasından, sosializm realizmindən imtina ilə yanaşı, dünya ədəbi-bədii təcrübəsindən, fərqli ədəbi metodlardan bəhrələnmək meyli bu dövrdə getdikcə güclənmişdir.