Z ə h r a b ə y i m. Bala, görəsən, niyə uşaqlar yubandılar?
R ü s t ə m b ə y (başını stolun üstündən qovzamayıb). Ana, məni danışdırma, lüğət yazıram.
(Zəhra bəyim dinməyib yox olur. Yenə bir dəqiqə sakitlik ilə keçir. Çöl qapını tıqqıldadırlar).
R ü s t ə m b ə y. Kimsən? Gir içəri.
M i r z ə H ə s ə n. Səlam əleyküm.
R ü s t ə m b ə y. Əleykəssəlam. Mirzə, nə əcəb bu gün yubandın?
M i r z ə H ə s ə n. Bağışlayasınız. Rüstəm bəy, çox səy elədim, tez gələ bilmədim.
R ü s t ə m b ə y. Əyləş. Dünən harda qaldıq?
M i r z ə H ə s ə n (kağıza baxır və oxuyur). Necə ki Yevropa, habelə Asiya millətlərinin hürufatının əvvəlincisi "A” sövtünün əlamətidir ki, biz ona "əlif” deyirik.
R ü s t ə m b ə y. Mirzə, dayan, gərək bir yerini dəyişək. Necə yazıbsan? Yevropa və Asiya millətlərinin?
M i r z ə H ə s ə n. Necə ki Yevropa, habelə Asiya millətlərinin hürufatının ...
R ü s t ə m b ə y. Dayan bir, yaxşı olar artırasan: cümləsinin.
M i r z ə H ə s ə n. Xub, cümləsinin (yazısını düzəldir), cümləsinin hürufatının əvvəlincisi "A” sövtünün əlamətidir ki, biz ona "əlif” deyirik....
R ü s t ə m b ə y (kitaba baxır). Yaz, (yavaş-yavaş deyir) bundan əlavə, xah Şərq tayfalarının bəzilərinin, habelə slavların, qreklərin....
M i r z ə H ə s ə n. Yunanların....
R ü s t ə m b ə y. Yunanların və qədim yəhudilərin dilində hürufatın əvvəlincisinin mənası həmi birdir, həmi mindir; necə ki, məsələn, ərəb dilində "əlif” ləfzi. (İçəri otaqdan uşaq səsi gəlir.) Səs eləməyin, mən lüğət yazıram (əlində kitab var-gəl edir). Mirzə, yaz; və lakin həmin "A” sövtü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir...
M i r z ə H ə s ə n (yaza-yaza). Bəzisinin dilində...
R ü s t ə m b ə y. Bəzisinin dilində çox işlənir, bəzisinin dilində, bəzisinin dilində az işlənir.