Aleksey Osipoviç səsə qanrılıb baxdı:
- Siz müəllimsiniz?
- Bəli. Bilirsinizmi, cənab, əslində, mən burada işsizəm. Əvvəllər Bakıya, Yerevana, Gəncəyə gedən poçt faytonları, dilicanlar buradan gəlib keçərdi. Mən də, necə deyərlər, boş evə qarovul çəkirəm. Darıxmamaq üçün uşaqları başıma yığıb yazı-pozu öyrədirəm.
- Siz nə qədər böyük iş gördüyünüzü bilirsinizmi?
- Burada nə var ki? - deyə Əhməd sakitcə cavab verdi.
- Adınız nədir?
- Əhməddir. Əvvəllər kənd arasında mənə "poçt Əhməd” deyərdilər. Sonra nədənsə "rus Əhməd” oldum. İndi isə yavaş-yavaş "uçitel Əhməd”ə çevrilirəm. Görək sonra nə olacaq?
- Poçt Əhməd... - Aleksey Osipoviç qəhqəhə çəkib güldü. - İndi uçitel olmusan. Sənin bu kənddə uşaqlara dərs deməyin böyük xidmətdir. Bilirsinizmi, mən Qori seminariyasında işləyirəm. Biz orada təzə şöbə açmışıq.
- Bağışlayın, Siz Çernyayevski deyilsiniz ki, Aleksey Osipoviç?
- Bəli, düz tapmısınız. Bəs Siz mənim adımı hardan bilirsiniz?
- Əşrəfin məktublarından. O, həmişə Sizdən yazır. Axı onu mən oxutmuşam. İndi Sizin tələbənizdir.
- Çox yaxşı tanıyıram. Ən yaxşı oxuyan tələbələrimizdəndir. Demək, Siz mənə kömək edə biləcəksiniz.
...Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmənin pusquda dayanıb qapını gözlədiyini yaxşı bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. İtlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Cahandar ağa tətiyi bir də çəkib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər.
O, səs-səmir kəsəndən sonra tüfəngini çiyninə alıb ağır-ağır evə qayıtdı. Kişini fikir götürdü. Tez-tez "mənə sataşan kim olar?” - deyə özünə suallar verdi. Deyəsən, burda ayrı əl var. Bəlkə...” Cahandar ağa duruxdu. Mələyin əvvəlki ərini indiyə qədər yadına salmadığına, bu barədə təzə arvadı ilə bir kəlmə danışmadığına özü də təəccüb etdi. "Elə o olacaq”.
Nökərlər geri qayıtdılar. Hamıdan sonra həyətə girən Tapdıq atı dirəyə bağlayıb ağanın yanına gəldi. Cahandar ağa gözünü geniş açıb qapının ağzında dayanan nökəri süzdü.
- Nə oldu?
- Tuta bilmədik, ağa, mən qabağını kəsənəcən özünü suya atdı.
Kişi papirosunu sümürüb otaqda gəzindi. Tapdıq cansıxıcı sükutdan yaxasını qurtarmaq üçün astaca dilləndi:
- Ağa, deyirəm, gülləniz boşa çıxmayıb.
- Nədən bilirsən?
- Bundan, - deyə Tapdıq əlindəki yun başlığı göstərdi. - Qana bulaşıb.
.. Mələk ürəyinə qorxulu bir şey daman adamlar kimi əsə-əsə başlığı götürdü. Özü də hiss etmədən:
- Onundur! - deyə qışqırdı.
Cahandar ağanın dişləri kilidləndi. Mələk nə edəcəyini bilmədiyindən yumaq kimi büzüşdü.
..Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində böyük bir mərəkə vardı. İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Cahandar ağa da burada idi.