Göytəpə kəndinin ucqarında, xır yolunun üst tərəfində üçotaqlı bir bina var. El arasında buraya "Zayej” ("Zayezjiy dom” sözünün el arasında işlənən şəkli) deyirlər. Qocalar deyirlər ki, düz bir il gecəli-gündüzlü işləyəndən sonra yol hazır oldu... Yolun kənarındakı ev isə sahibsiz qaldı. İki il bundan əvvəl buraya iyirmi dörd-iyirmi beş yaşlı bir oğlan gəldi. Camaat arasında bir müddət ona "poçt Əhməd”, sonra isə şapka geydiyinə görə "rus Əhməd” dedilər. Əvvəllər ona heç kəs yaxın durmazdı. "Xaçpərəstlə nə işimiz var”, - deyə uzaq gəzirdilər. Ancaq yavaş-yavaş ona isinişdilər. Rus Əhməd bəzən "Zayej”in eyvanında oturub kitab oxuyardı. Bəzən də uşaqları başına yığıb məzəli söhbətlər edər, uzaq yerlərdən, qalın meşələrdən, izdihamlı şəhərlərdən, böyük çaylardan, boranlı-çovğunlu diyarlardan söhbət açardı. Bu uşaqların içində Cahandar ağanın kiçik oğlu Əşrəf də olardı.
... Poçtalyonun qapısı döyüldü. Əşrəf içəri girdi. Əlindəki böyük bağlamanı yavaşca pəncərənin qabağına qoydu. Stolun üstünə səpələnmiş kağızlara nə isə yazan Əhməd qanrılıb baxdı.
- Ay xoş gördük səni, demək, gəldin. Çox yaxşı. Bəs bu nədir?
- Anam göndərdi, Əhməd lələ, dedi ki, adam qəribə hörmət edər.
Onlar susdular. Əşrəf kitablara baxdı.
- Bunların hamısını oxumusanmı?
- Oxumuşam. Səni də öyrədəcəyəm. Rusca yazmağı da, oxumağı da biləcəksən.
- Mənim bir-iki dostum var, onları da öyrədərsənmi?
Niyə öyrətmirəm, qoy gəlsinlər. Elə otağın birini boşaldıb sinif edərik. Özümüzün məktəbimiz olar.
Təpələrin ətəyindəki yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonda oturan müsafir sakitcə ətrafı seyr edirdi. Faytonçu geri qanrıldı.
- Bağışlayın, cənab, adınızı da bilmirəm...
- Aleksey Osipoviç.
Aleksey Osipoviç hələ dörd il əvvəl Qori seminariyasının pedaqoji şurasında olan mübahisəni xatırladı. Seminariyanın direktoru Dmitri Semyonov müsəlman şöbəsinin açılması məsələsini irəli sürmüşdü. Şurada böyük mübahisə qalxmışdı. Yeni şöbənin açılmasına qəti etiraz edənlər var idi. Elə həmin axşam Semyonov Aleksey Osipoviçi yanına çağırdı. Semyonov sakitcə sözə başladı:
- Çara və hökumətə yerli məmurlar lazımdır. Elə bunun üçün də məktəblər açırlar. Amma biz daha uzağa baxmalıyıq. Yeni məktəblərdən yeni məqsədlər üçün istifadə etməliyik. Bu işdə fədakarlıq lazımdır. İlk illər çətinlik olacaq. Siz qorxmayın. Mən sizə arxayınam. Əməli təkliflərinizi yazın, fikrinizi mənə bildirin. Hər şeydən əvvəl şagirdlər haqqında düşünmək lazımdır.
- Taparıq, Dmitri Dmitriyevıç, kəndbəkənd gəzməli də olsam, tapacağam.
Elə bu məqsədlə də Aleksey Osipoviç səfərə çıxmışdı...
Gecədən xeyli keçmiş "Zayej”in qapısı döyüldü. Əhməd cəftəni çəkib qapını araladı, qonağı qabağa salıb yol göstərdi. Aleksey Osipoviç göz gəzdirib otağı nəzərdən keçirdi. Divardan asılmış yarımkürələr xəritəsi, küncdəki qlobus, pəncərənin qabağına və stolun üstünə yığılmış kitablar, dəftərlər diqqətini cəlb etdi. O durub stola yaxınlaşdı. Vərəqləri didilib tökülən əlifba kitabını səhifələdi. Sonra dəftərləri açdı.
Atları rahatlayandan sonra içəri, samovar aparmağa gələn Əhməd qonağın dəftərlərlə əlləşdiyini görüb ayaq saxladı.