- Vur, niyə durubsan? Əlin-ayağın niyə titrəyir, arvadı öldürməyə nə var ki? Vur!
Şamxal xəncəri siyirdi. Polad tiyə havada parıldadı. Ayağını üzəngidən yenicə çəkən Cahandar ağanın gözü pəncərəyə sataşdı. Şamxalın xəncəri gəlinin başına endirmək istədiyini gördüyü ilə tüfəngi hərləməyi bir oldu. Güllə açıldı. Şamxalın əlindəki xəncərin tiyəsi iki bölünüb evin ortasına düşdü. Bir anlığa hamı daş kimi donub qaldı. Salatının ürəyi keçdi. Cahandar ağa ağır bədəninə yaraşmayan bir çevikliklə atılıb içəri keçdi və hələ də özünə gələ bilməyən oğlunun üstünü aldı. Şamxal bir əlindəki dəstəyə, bir də hələ də lüləsindən tüstü çıxan tüfəngə baxdı.
Cahandar ağa qolunu hərləyib oğluna bir şillə çəkdi. Şamxal gözləmədiyi bu zərbədən dik atılıb bir pişik cəldliyi ilə geri sıçradı. Onun gözlərində qığılcım oynadı. Ata ilə oğul döyüşə hazırlaşan buğalar kimi qabaq-qabağa dayandılar.
Şamxal quzğun kimi üstünə gələn atasından əvvəlcə qorxdu. Onun nəzərində kişi getdikcə böyüdü və nərildəyərək ov üstünə atılmağa hazırlaşan heybətli bir pələngə döndü. Lakın o özünü ələ aldı və birdən atasının üstünə atıldı.
Oğlunun qəfil hücumunu gözləməyən Cahandar ağa tüfəngin qundağı ilə Şamxalın sinəsindən vurub yerə sərdi. Sonra da təpiklə döyəcləməyə başladı.
Zərnigar xanım özünü kişinin qabağına atdı. Dili dolaşa-dolaşa yalvarmağa başladı:
- A kişi, ağlını başına yığ. Ə, uşaqdan əl çək. Onda taqsır yoxdur, öldürüənsə, məni öldür. Ayə, qurbanın olum, vurma, yazığam, evimi yıxma.
Salatın yavaş-yavaş özünə gəldi. Sürünüb atasının ayaqlarına döşəndi. Üzünü torpağa sürtdü. Bir göz qırpımında hadisədən çaşıb qalan gəlin yerindən tərpənə bilmədi. Kişi onun nəzərində getdikcə böyüyüb dağa dönürdü. O irəli atılıb iri bədənini qabağa verdi. Cahandar ağanın ağır yumruqları kürəyinə dəysə də, diz çöküb kişinin ayaqlarını qucaqladı:
- Bəsdir, ay insafsız, yazıqda tutar qalmadı. Onu yox, mən başıbatmışı öldür ki, biryolluq canım qurtarsın.
Cahandar ağa onun hönkürtüsünə baxmayıb yenə də oğlunun üstünə yeridi... Nökərlər səs-küyə tökülüşüb gəldilər. Tapdıq bir sıçrayışla özünü araya saldı. Cahandar ağa onun enli kürəyinin arxasında qalan Şamxalı görə bilmədi. O biri nökərlər isə Şamxalın dartınmasına fikir vermədilər. Çəkə-çəkə onu çardağın yanına apardılar. Şamxal birbaş sahilə endi. İndicə baş verən əhvalatın təsirindən yaxasını qurtara bilməyən Şamxal yarğanın kənarında oturdu. Cahandar ağanın heybətli nəriltisi yenidən onun qulaqlarında səsləndi. "Yox, mən bir də onunla üz-üzə gələ bilmərəm. Yəqin, kişinin indi məndən zəhləsi gedir. Harda görsə, yenə üstümə cumacaq”.
Şamxal bir dəstə qızın yarğanın qaşı ilə suya endiyini görüb ayağa qalxdı, buradan uzaqlaşmağı qərara aldı.
Hamı evə çəkildi. Cahandar ağa isə qapıda hərlənir, pəncərəsindən zəif işıq gələn otağa yaxınlaşa bilmirdi. İndi o nə etməli idi? Öz hərəkətlərinə necə bəraət qazandırmalı idi?.. Qəlbinin dərinliklərində haqsızlığını duyurdu. Bu hadisənin belə sakitcə gəlib keçməyəcəyini, evdə hər gün dava-dalaş düşəcəyini aydınca görürdü. Kişi lap darıxdı. Ona elə gəldi ki, bu saat Qori Müəllimlər Seminariyasında oxuyan oğlu Əşrəf qapını açıb içəri girəcək, qaşlarını çatıb: "Ata, eyib deyilmi, bu nə işdir, tutmusan?” - deyəcəkdir. Sonra da baş götürüb evdən gedəcək, bir daha buralara üz çevirməyəcəkdir...