...Kürün o tayında, hündür qovaqların seyrəlib yulğunluğun başladığı yerdə beş-altı qaraltı görünürdü. Zərnigar xanım dikəldi. Oğlu Şamxalın da orada olduğunu yəqin etdi. Şamxal üst-başını çırpıb kəmərini daraltdı. Gümüş dəstəkli xəncərini yana çəkdi. Zərnigar xanım oğlunun qabağına gəldi. Şamxal anasını gözüyaşlı görüb evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. Şamxal anasına yaxınlaşdı. Qolundan tutub diqqətlə üzünə baxdı:
- Yenə nə olub, niyə gözüyün yaşını on yerindən ələyirsən?
Arvad daha da kövrəldi. Önlüyünün ətəyi ilə gözlərini silib, hikkəsindən boğula-boğula:
- Belə, atan ölmüş təzə eşqə düşüb, ay bala, - deyə Zərnigar xanım göz yaşına ara verib səsini ucaltdı. - Bizi el içində biabır edib. Heç ərlik-boyluq qızı olan, sənin kimi oğul böyüdən kişi də belə iş tutarmı?
Şamxal dinmədi. Zərnigar xanım irəli gəldi, əllərini belinə qoyub Şamxalın qabağında dayandı:
- Deyəsən, mənim dediklərimi qulaqardına vurursan?! Atan ölmüşün tərəfini saxlayırsan?! Yoxsa inanmırsan, hə? Gəl, yaxın gəl, gör atan sənə nə yaxşı ana gətirib?
Şamxalın rəngi qaçdı. Bayaqdan qorxu içində, küncə qısılıb titrəyə-titrəyə qardaşının hərəkətlərinə göz qoyan Salatın özünü Şamxalın üstünə saldı, əllərini tutub yalvardı:
- Qurbanın olum, ay qağa, evimizə qan salma. Amanın bir günüdü, əlini qana bulama!
Şamxal bacısını itələyib kənara yıxdı. Əlini sallamalı kəmərindən asdığı xəncərin gümüş dəstəyinə yetirdi. Qızının dizin-dizin sürünüb əl çəkmədiyini görən Zərnigar xanım:
- Bircə belə dur, gədənin əl-ayağına dolaşma, - deyə Salatının hörüklərindən tutub dartışdırdı.
Şamxal qorxusundan uçum-uçum uçunan bu gəlinin öz tərəflərindən olmadığını dərhal bildi. Görünür, atası onu haradansa, Kürün aşağısındakı uzaq kəndlərin birindən gətirmişdi. Gəlinin gözəlliyi Şamxalı yumşaltdı. Onun qolları boşaldı. Bunu hiss edən Zərnigar xanım oğlunun üstünə qışqırdı:
- Hə, niyə durdun? Bu saat onun saçını biləyinə dolayıb sürüməsən, kişi deyilsən! Di tez ol!
Ani olaraq fikrə gedən Şamxal anasının sözlərindən sonra gəlinə yaxınlaşdı:
- Dur, şələ-küləni yığışdır, rədd ol buradan! - Yolun altı ilə gəlibsən, üstü ilə qayıt xarabana!
Gəlin sapsarı saralsa da, özünü sındırmadı. Onun qanı qaçmış dodaqları aralandı:
- Məni sən gətirməyibsən ki, evdən qovursan?
Hirsindən rəngi ağappaq ağarmış Şamxal gəlinin üstünə yeriyib boğuq bir səslə qışqırdı:
- Bu saat rədd ol burdan, yoxsa bağırsaqlarını ayağına dolayaram!
Gəlin gözünü də qırpmadı:
- Qeyrətli kişi qadına əl qaldırmaz. Hünərin varsa, get atanla haqq-hesab çək!
Artıq Şamxal dözə bilmədi. O, ayaqlarına döşənib sürünən bacısının üstündən keçib irəli şığıdı. Gəlinin saçını biləyinə dolayıb yerə yıxdı. Təpiyinin altına salıb döyəclədi... Arvadların qışqırtısı bir-birinə qarışdığından ovdan qayıdan Cahandar ağanın həyətdə dayandığını heç kəs görmədi. Gözünü qan örtmüş Şamxal isə getdikcə qızışır, gəlini sürüyüb evdən bayıra atmaq istəyirdi. Birdən gəlin var-gücünü toplayıb ayağa durdu. Qabarıq sinəsini irəli verib Şamxalın üstünə qışqırdı: