O, texnikumu bitirdikdən sonra bir müddət müəllim işləmiş, 1937-ci ildə Bakıya gələrək Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. İnstitutdakı ədəbiyyat dərnəyində fəal iştirak edən İ.Şıxlının şeirləri, hekayələri dərnəyin rəhbəri Məmmədcəfər Cəfərovun diqqətini cəlb etmiş, onun tövsiyəsi ilə "Quşlar” adlı ilk şeiri 1938-ci ildə "Ədəbiyyat qəzetində, "Dəli Kür” adlı hekayəsi institut qəzetində çap olunmuşdur.
İnstitutu bitirdikdən sonra Qazaxın kənd məktəblərində çalışan İ.Şıxlı 1942-ci ildə cəbhəyə getmiş, qələbə gününədək davam edən döyüş yolunu ədib sonralar çap etdirdiyi "Cəbhə gündəlikləri” əsərində əks etdirmişdir.
Qanlı-qadalı müharibə illəri, ölüm-dirim döyüşləri, çətin sınaqlar onun bir şəxsiyyət kimi formalaşmasına, bədii yaradıcılığına öz təsirini göstərmişdir. Müharibədən sonra bir müddət Qazaxda müəllim işləyən İ.Şıxlı sonra APİ-nin aspiranturasına daxil olmuş, ömrünün qalan illərini bu ali məktəbə həsr etmişdir. O, pedaqoji-elmi fəaliyyətlə yanaşı, "Azərbaycan'jurnalının baş redaktoru, Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışmışdır.
İ.Şıxlı bədii yaradıcılığa şeirlə başlasa da, ədəbiyyatımızda qüdrətli nasir kimi iz qoymuşdur. O, müharibə təəssüratı əsasında sonralar "Konserv qutuları”, "Həkimin nağılı”, "Səhəri gözləyirdik”, "Kerç sularında”, "Haralısan, ay oğlan?” hekayələrini yazmışdır.
Ədibin "Cəbhə gündəlikləri” əsəri müharibə zamanı səngərlərdə yazılmış əsgər qeydlərindən ibarətdir. Əsərin qəhrəmanı müharibənin bütün ağırlıqlarını çəkən, hər gün düşmənlə amansız döyüşə girən, lakin qəddarlaşmayan, qəlbindəki həyat eşqini, mərhəmət duyğusunu qoruyub saxlayan, gələcəyə ümidlə baxan mərd, cəsur əsgərdir. Bu əsgər keçdiyi döyüş yolunun salnaməsini müntəzəm yazır, gənc olmasına baxmayaraq, həyata, keçdiyi ömür yoluna, insanlara müdrik nəzərlərlə baxır, müharibənin bütün çətinliklərinə, məhrumiyyətinə dözür, qələbəyə inamını itirmir. Əsər müharibənin sərt reallıqları, həyat həqiqətləri barədə oxucuda dolğun təsəvvür yaradır, onu təsvir olunanlara laqeyd qalmağa qoymur.
Yazıçının keçən əsrin 70-ci illərində yazdığı "Mənim rəqibim”, "Köynək” hekayələrində də müharibənin insan taleyində buraxdığı izdən söz açılır.
Yazıçının "Ayrılan yollar” romanı (1957) şəxsiyyətə pərəstişin ifşa olunduğu, repressiyaların başa çatdığı bir dövrün məhsuludur. Bu mərhələdə cəmiyyət, insanlar yolayrıcında idilər. Həmin dövrün çətinliklərini əks etdirən əsərdə kəndi, təsərrüfatı, insani münasibətləri yenidən qurmaq kimi həllini gözləyən