Ədəbiyyatımızın zəngin ənənələrindən ustalıqla bəhrələnən yazıçının qiymətli dramaturji irsi vardır. Bu dramaturgiya dərin ictimai mənası, mühüm problemləri əhatə etməsi, parlaq realizmi və orijinal bədii keyfiyyətləri ilə seçilir.
Müəllifin ilk qələm təcrübəsi olan "Çay dəsgahı” (1889) nəzmlə yazılmış alleqorik dramdır. Yazıçı nə bu əsərini, nə də ondan üç il sonra yazdığı "Kişmiş oyunu” pyesini çap etdirmişdir. Məşhur "Ölülər" tragikomediyası bu əsərlərdən xeyli sonra, 1909-cu ildə çap olunmuşdur. O, müəllifi ömrü boyu düşündürmüş, narahat etmiş ciddi problemin - fanatizmin və cəhalətin törətdiyi bəlaların əleyhinə yazılmış əvəzsiz sənət əsəri idi. Əsərdəki İskəndər - Şeyx Nəsrullah xətti Cəlil Məmmədquluzadəyə mənəvi əsarətin acı təzahürlərini, aydın, vətəndaş ziyalı mövqeyinin çətinliklərini və üstünlüklərini göstərməyə imkan vermişdir.
Bədii həlli verilən problem və konflikt baxımından "Ölülər” dramaturgiyamızın ən dəyərli nümunələrindəndir.
Fərqli mövzularda yazılmış digər dramatik əsərlərində də yazıçı diqqəti həlli vacib olan ciddi həyati problemlərə yönəltmişdir. Bədnam qonşuların xəyanətindən doğan böyük faciələr ("Kamança”), müstəmləkə zülmü altında xalqın yadelli və yerli ağaların qapazaltısı olması, maarifçiliyin milli zəmində inkişafı ("Danabaş kəndinin məktəbi”), cəmiyyətin əqidə, əməl və əxlaq dünyasının təhlili ("Dəli yığıncağı”), sovet gerçəkliyinə tənqidi münasibət ("Ər”) onun dramaturgiyasında əksini tapmış mühüm məsələlər idi.
Yazıçının yaradıcılığının böyük bir qismini publisistik əsərlər təşkil edir. Uzun müddət baş redaktoru olduğu "Molla Nəsrəddin” jurnalında, müxtəlif qəzetlərdə onun yüzlərlə felyetonu, publisistik məqalələri çap olunmuşdur. Əksəriyyəti satirik məzmunda olan bu yazılarda zəhmət adamının məişət
Fanatizmin, mövhumatın, ətalətin baş alıb getməsi, ictimai inkişafa mane olması ("Molla Nəsrəddinin cavabı”, "Qəbirdən məktub”, "Baş”...), çar Rusiyasının dinə münasibətdə ikiüzlü mövqeyi və müstəmləkə siyasəti ("Məzhəb azadlığı”, "Missionerlər”, "Din məsələsi”...) və s. felyetonlarında xüsusi diqqət yetirilən məsələlərdən idi. Onun müxtəlif illərdə yazdığı məqalələr ("Sizi deyib gəlmişəm”, "Niyə məni döyürsünüz?”...) felyetonlarında qaldırılan problemlərlə yaxından səsləşir və maraqla qarşılanırdı. Böyük əks-səda doğurmuş "Azərbaycan”, "Cümhuriyyət” məqalələri isə millətin və ölkənin taleyi ilə bağlı yazıçının demokratik mövqeyini əks etdirirdi.