M ə l i k ü l d ö v l ə. Banu bəyim! Sizi inandırıram ki, İran hökmdarlarının bizi farslaşdırmaq siyasəti biz azərbaycanlıların xoşbəxtliyidir!
X u r ş i d b a n u. Xoşbəxtliyidir?
M ə l i k ü l d ö v l ə. Şübhəsiz, o zaman biz də farslarla bir hüquqda olarıq, dövlət işlərində onlarla bərabər iştirak edərik! Bəli!
X u r ş i d b a n u (son dərəcə qəzəbli). Tutmayın mənim adımı! Rədd olun, nökər! Qab dibi yalayan nökər, rədd olun!
M ə l i k ü l d ö v l ə (öz-özünə). Bu nədi, baba! (Cəld çıxır.)
M i r z ə R u h u l l a h. Sən ruhi müvazinətini itirmə, Banu bəyim! Vaxt gələcək, xalq özü vətən xainlərinə divan tutacaq (Qısa pauza.) İcazənlə sənə bəzi sözlər ərz etmək istəyirəm. Bütün iftiralara, dedi-qodulara son qoymaq üçün məsləhət budur ki, sən subay qalmayasan.
X u r ş i d b a n u. Yaxşı, Mirzə, mən o barədə fikirləşərəm.
Mirzə Ruhullah təzim edərək çıxır. Pauza. Xurşidbanu dərin psixoloji sarsıntı keçirir və birdən zəngi səsləndirir. Bəyim daxil olur.
X u r ş i d b a n u. Get Seyid Hüseyni bura çağır, Bəyim.
X u r ş i d b a n u. Seyid Hüseyn! Mənə xəbər verdilər ki, siz hər gün bağçanın qalınlığında dayanıb mənə gizlin tamaşa edirsiniz. Nə üçündür bu maraq?! (Pauza.) Niyə dinmirsiniz?
S e y i d H ü s e y n. Əfv buyurun, Banu bəyim! Onsuz da mən gecə-gündüz cəhd edirəm ki, bu günahkar məhəbbəti ürəyimdən çıxarım!
X u r ş i d b a n u. Nə üçün siz o məhəbbəti günahkar hesab edirsiniz?
S e y i d H ü s e y n. Mən özümü bu məhəbbətə layiq bilmirəm.
X u r ş i d b a n u. Nə üçün? Siz belə gözəl, sağlam, savadlı bir oğlan...
S e y i d H ü s e y n. Mən kimsəsiz, yoxsul bir adamam..
X u r ş i d b a n u. Məgər yoxsulların sevməyə ixtiyarı yoxdur? (Qəribə bir tənə ilə) Cənab Seyid Hüseyn! Mən, İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı Xurşidbanu Allahın buyurub, peyğəmbərin xəbər verdiyi qanun üzrə sizin zövcəniz olmaq istəyirəm. Siz buna razısınızmı?
S e y i d H ü s e y n. Banu bəyim!
X u r ş i d b a n u (əsəbi). Bəsdirin! Məgər mən də öz vətənimdə kimsəsiz deyiləmmi? Məgər bizim səsimiz Qaf dağında tilsimə salınmış əfsanəvi Zümrüd quşunun səsi kimi bir yana gedib çıxırmı? Yox, Seyid Hüseyn, tale bizi əbəs yerə bir-birimizə rast gətirməmişdir! Biz indi əlacsız da olsaq, çərxi-dövranı geriyə döndərə bilməsək də, mücahidik! Qoy böyük Yaradan bizim izdivacımızı vətənimiz üçün uğurlu eləsin!
S e y i d H ü s e y n. Amin!