X u r ş i d b a n u. Su olarsa, onlar da yavaş-yavaş köçərilikdən əl çəkib oturaq həyata keçərlər. Özlərinə ev-eşik tikib uşaqlarını oxudarlar, qaraçı günündə yaşamazlar!
H i d a y ə t x a n. Xəbərdarlıq eləyirəm səni, Banu bəyim, mən qoymayacağam o arx bizim torpaqlardan keçsin! Eşitdinmi, qoymayacağam!
S e y i d H ü s e y n. Siz məyus olmayın, Banu bəyim.
X u r ş i d b a n u (əsəbi coşqunluqla.). Məyus olmaq? Yox! Mən öz taleyimə qalib gəlmək istəyirəm!
M i r z ə R u h u l l a h (asta səslə). Banu bəyim (Xurşidbanu cavab vermir. Ona yaxınlaşaraq əlini usdufca çiyninə qoyur). Nə olub, qızım?
X u r ş i d b a n u (əlini üzündən çəkərək). Heç nə. Uşaqlıqda siz həmişə mənə deyərdiniz ki, insan xoşbəxtlik üçün yaranmışdır. Mən isə, xoşbəxt olmadım. Ancaq məni düşündürən bu deyil, Mirzə, uşaqlarımın taleyidir! Qorxuram, Mirzə... Qorxuram ki, onların da taleyi mənimki kimi ola...
M i r z ə R u h u l l a h. Sənin öz taleyindən şikayət etməyə haqqın da yoxdur, Banu bəyim. Böyük Yaradan həqiqi insan üçün lazım olan nəcibliklərin heç birini səndən əsirgəməmişdir! Sən bizim igid qızımızsan! Qalx ayağa! İran şahzadəsinin vəziri Məliküldövlə səni təklikdə görmək istəyir.
X u r ş i d b a n u. Yaxşı, Mirzə, qoyun gəlsin. (Mirzə Ruhullah çıxır. Məliküldövlə daxil olub təzim edir.). Buyurun, əyləşin.
M ə l i k ü l d ö v l ə (səndələ əyləşərək). İltifatınıza qarşı mütəşəkkirəm, Banu bəyim həzrətləri. Bu səhər, sizin təzə saldırdığınız bağda əlahəzrət vəliəhdlə seyrə çıxmışdıq. Oradakı dilrüba güllər, çiçəklər mənə Təbrizdəki bağçamızı xatırlatdı.
X u r ş i d b a n u. Mənə nə qulluğunuz vardı, cənab Məliküldövlə!
M ə l i k ü l d ö v l ə. Banu bəyim həzrətləri! Siz ağıllı bir qadın olduğunuz üçün mən heç bir müqəddiməyə şüru etmədən birbaşa mətləbə keçirəm.
X u r ş i d b a n u. Buyurun!
M ə l i k ü l d ö v l ə. İran taxtının vəliəhdi şahzadə həzrətləri sizinlə izdivac təmənnasındadır.
X u r ş i d b a n u. Cənab Məliküldövlə, siz necə ki bizim azərbaycanlımız, soruşuram: bəs belə bir izdivaca siz özünüz necə baxardınız?
M ə l i k ü l d ö v l ə. Banu bəyim, əlbəttə ki, neçə minillik tarixə malik İran səltənətilə qohum olmaq biz azərbaycanlılar üçün xoşbəxtlik olar. Bilirsiniz ki, məmləkəti-Azərbaycan iki böyük dövlətlərdən birinə iltica etməlidir. Belə bir dövlət isə, əlbəttə ki, dini dinimizdən olan böyük İran səltənətidir.
X u r ş i d b a n u. Əgər İran şahları öz dini qardaşlarının qədrini bilirdilərsə, nə üçün qoşun çəkib Azərbaycan əhalisinin əlsiz-ayaqsızlarını qılıncdan keçirirdilər? Nə üçün sizin vəlinemətiniz vəliəhd Cənubi Azərbaycana tuturdu? Nə üçün İran şahları Cənubi azərbaycanlıların dilini, milli hüququnu əlindən alıb onları öz içlərində əritmək istəyirlər?!